Yunan fermerlər traktorlarla Afinaya getməyə qərar verib

Yunan fermerlər təbii fəlakətlər nəticəsində zeytun ağaclarını itirdiklərinə görə təzminat almaq, kənd təsərrüfatı üçün aşağı elektrik enerjisi tarifləri əldə etmək və yanacağı daha ucuz almaq üçün gələn həftə traktorlarla paytaxt Afinaya getməyə qərar veriblər.

“İNFONEWS”  xəbər verir ki, bu barədə Yunanıstanın “newsit.gr” informasiya portalı məlumat yayıb.

Məlumata görə, yolları bağlamaq və paytaxta traktorlarla gedib orada mitinq keçirmək qərarı Nikea şəhərində baş tutan ümumyunan fermerlər toplantısında qəbul edilib. Fermerlər çərşənbə günündən etibarən etirazlarını gücləndirmək və bir çox yerlərdə milli və regional yolları bağlamaq qərarına gəliblər. Hökumətin mövcud problemlərin müzakirəsinə başlaması və gələcək tədbirləri müəyyən etməsi üçün altı əsas tələbdən ibarət siyahı tərtib edilib.

Fermerlər kənd təsərrüfatı texnikası üçün vergisiz yanacaq, aşağı elektrik enerjisi tarifləri, təchizat və heyvan yemi üçün subsidiyalar, hökumətin Aİ-nin yeni kənd təsərrüfatı siyasətini həyata keçirməkdən və onunla bağlı danışıqlar aparmaqdan imtina etməsini, təbii fəlakətlər nəticəsində itirilmiş gəlirlərin 100% kompensasiyasını, xaricdən gətirilən məhsullar yunan məhsulu adı altında qeyri-qanuni satılmasının qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edirlər.

Öz növbəsində, Yunanıstan hökumətindən fermerlərlə dialoqun onların magistral yolları bağladıqları şəraitdə baş tuta bilməsinin qeyri-mümkünlüyü bildirilib. Bununla belə, kənd təsərrüfatı naziri Lefteris Avgenakis real qərarlar qəbul etmək üçün fermerləri müzakirəyə dəvət edib.

Xatırladaq ki, əvvəlki günlərdə fermerlər yalnız Yunanıstanın şimalında və Peloponnes yarımadasında yolları bağlayıb, həmçinin “Agrotica” kənd təsərrüfatı sərgisinin keçirildiyi Saloniki Beynəlxalq Sərgi Mərkəzinin ərazisində öz traktorları ilə etiraz aksiyası keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir