“Multikultural təhlükəsizliyimizin təmin olunması qarşıdakı onilliklərdə prioritet vəzifələrimizdəndir”
Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində bir sıra mühüm məqamlara toxundu. Bunlardan biri də yeni dövrdəki perspektivlərlə bağlıdır.
“İNFONEWS” -un əldə etdiyi məlumatına görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov AZƏRTAC- a açıqlamasında deyib.
R.Həsənov bildirib ki, ötən müddət ərzində qarşıya qoyulan vəzifələrin tam şəkildə icra olunması qarşıdakı onilliklərdə atılacaq addımların təməlinin qoyulmasına zəmin yaradıb. Dövlətimizin başçısının toxunduğu məqamlar və istiqamətlər qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi baxımından çox önəmlidir. Ən mühüm məsələlərdən biri də mövcud olan birliyi qorumaq, ölkəmizə qarşı istənilən təhdidlərə qarşı mübarizəni daim diqqətdə saxlamaqdır.
“Dövlətimizin başçısı çıxışında təhdid dedikdə aydın şəkildə vurğuladı ki, burada söhbət fiziki təhdid və təhlükələrdən getmir. Diqqətə çatdırıldı ki, söhbət İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı istiqamətlənmiş ideoloji təhdidlərdən gedir.
Azərbaycan etnik, mədəni və konfessional müxtəlifliyə malik ölkədir. Bu, bizim zənginliyimizdir və onu həmişə qoruyub saxlamışıq. Heç nəyə baxmayaraq, mədəni və dini müxtəlifliyimizi qorumuşuq. Məhz bu müxtəliflik bizi Qələbəyə aparıb. Ölkəmizdə yaşayan etnik xalqların nümayəndələri 44 günlük Vətən müharibəsində döyüşüblər, sağlamlıqlarını itiriblər, şəhid veriblər. Çünki Azərbaycanda yaşayan hər bir şəxs etnik mənsubiyyətindən, dinindən və mədəniyyətindən asılı olmayaraq, bu torpaqları özünə Vətən, müqəddəs bilir. Dövlət-xalq-ordu birliyinin arxasında duran məqam da məhz bundan ibarət idi”, – deyə BBMM-nin icraçı direktoru qeyd edib.
Vurğulanıb ki, dövlətimizin başçısı multikulturalizmi dövlət siyasətinin müstəvisində həll edir. Azərbaycan Liderinin qlobal müstəvidə dinlərarası və mədəniyyətlərarası dialoq təşəbbüslərini irəli sürdüyünü xatırladan icraçı direktor Azərbaycanın bu istiqamətdə nadir ölkələrdən olduğunu vurğulayıb. Azərbaycanda mehriban, dinc qonşuluq şəraitində yaşayan etnik xalqlar dövlətimizin dəstəyi ilə inanclarını qoruyublar, öz mədəniyyətlərini inkişaf etdiriblər.
Müxtəlif istiqamətlərdən birliyimizi pozmaq cəhdlərinin olduğunu qeyd edən Prezident İlham Əliyev, həmçinin bildirdi ki, bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələrin səyləri əbəsdir: “Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur”.
Ölkəmizdə bu istiqamətdə məqsədyönlü plan əsasında müvafiq siyasət yürüdüldüyünü vurğulayan R.Həsənov deyib: “Məhz bu məqsədyönlü planın nəticəsidir ki, ölkəmizdəki milli birlik, milli konfessional və dinlərarası dialoq, dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Tarix boyu müəyyən istisnalar var ki, bu da erməni separatizmi ilə bağlıdır. Havadarlarının dəstəyi ilə erməni separatçıları yaşadıqları, çörəyini yediyi Azərbaycan torpaqlarında sərsəm xəyallara, arzulara düşdülər və tarix də onlara dərslərini verdi”.
Prezident İlham Əliyevin vurğuladığı bu məqamların çox önəmli olduğunu, növbəti mərhələdə qarşıya qoyulan vəzifələrdən birinin Azərbaycanda yetişməkdə olan gənc nəslin milli və mənəvi dəyərlərə sahib çıxması təşkil etdiyini xatırladan R.Həsənov vurğulayıb: “Hər hansı kənar, yad təsirlərin dırnaqarası “müasirləşmə “adı altında ölkəmizə ixracının qarşısında bir sədd olmalıdır. Təbii ki, bu, inkişafdan qalmaq deyil. Biz ancaq öz milli və tolerant dəyərlərimizi qorumalı, gənc nəslin bu ruhda yetişməsini davam etdirməliyik. Azərbaycan gəncliyi həmişə örnək olub və bu ənənə davam etdirilməlidir. Bu işdə ailə, təhsil sistemi, cəmiyyət böyük rol oynayır. İdeoloji tərbiyə çox önəmlidir. Bir sözlə, multikultural təhlükəsizliyimizin təmin olunması qarşıdakı onilliklərdə prioritet vəzifələrimizdəndir”.