Keniyanın Baş prokuroru Azərbaycana işgüzar səfərə gəlib

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniyanın Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə“İNFONEWS” -a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüş zamanı Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq, Azərbaycan və Keniya arasında dostluq və əməkdaşlıq əlaqələrinin günü-gündən genişləndiyini deyib.

Ölkələr arasında bu il diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd edilməsini bildirən Baş prokuror, 2022-ci ilin noyabr ayında Azərbaycanın Nayrobidəki Səfirliyinin təsis edilməsini ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafının göstəricisi olduğunu xüsusi vurğulayıb.

Renson İnqonqa transmilli cinayətkarlığa, o cümlədən terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə və korrupsiyaya qarşı mübarizə sahələrində, həmçinin prokurorların peşə hazırlığı və ixtisasartırma sahəsində təcrübə mübadiləsinin aparılması sahəsində Azərbaycan modelinin öyrənilməsində maraqlı olduğunu ifadə edib.

Baş prokuror Kamran Əliyev öz növbəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) cari ilin noyabr ayında Azərbaycanda keçirilməsini ölkəmizin beynəlxalq nüfuzunun sürətlə artdığının bariz nümunəsi olduğunu bildirib.

Renson İnqonqa ətraf mühit və iqlim dəyişmələri məsələlərinin ölkəsi üçün vacib əhəmiyyət kəsb etdiyini, ötən ilin sentyabr ayında Afrika İqlim Sammitinin Keniyada keçirildiyini qeyd edərək, Azərbaycanda baş tutacaq mötəbər tədbirdə aktiv iştirak edəcəklərini vurğulayıb.

Nümayəndə heyətinin səfəri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir