Sumqayıtda polis əməkdaşına zor tətbiq edən sərxoş sürücü barəsində cinayət işi başlanıb
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə Sumqayıt şəhəri ərazisində xidmətdə olan polis əməkdaşına zor tətbiq etməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumatda bildirilib ki, fevralın 4-də saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbə sakini, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ceyhun Quliyevin sərxoş vəziyyətdə idarə etdiyi “Daewoo” markalı 10-TG-816 dövlət qeydiyyat nişanlı avtobusla işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşlarının saxla işarəsinə tabe olmamasına, xüsusi vasitələr tətbiq edilməklə avtobus dayandırıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona yaxınlaşan Sumqayıt Şəhər Polis İdarəsinin xidmətdə olan əməkdaşı Elnur Rəhimova zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Ceyhun Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.