Prezident İlham Əliyev: Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır

Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

“İNFONEWS”  xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik”.

Sonda Prezident İlham Əliyev yeni Prezidentə ən xoş arzularını çatdırıb, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində müvəffəqiyyətlər diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir