Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında və hərbi hissələrində 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.
“İNFONEWS” nazirliyə istinadən xəbər verir ki, tədbirlərdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərin keçirilməsində məqsəd fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub.
Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildiriblər.
Keçirilən tədbirlər zamanı əhali, xüsusilə gənc nəslin nümayəndələri Mülki müdafiə qoşunlarında olan müasir texnika və avadanlıqlarla tanış olub və onlara fövqəladə hallar zamanı xilasetmə işlərinin təşkili barədə ətraflı məlumatlar verilib.