Girovların azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların həyata keçirilməsi Fələstinin HƏMAS radikal hərəkatının bütün şərtlərlə razılaşmasından asılıdır.
“İNFONEWS” xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlər üçün xüsusi telefon brifinqində bildirib.
“Artıq razılaşma var, bu, çərçivə razılaşmasıdır. İsrail bunu az-çox qəbul edib. HƏMAS həssas girovların müəyyən bir kateqoriyasını – xəstələr, yaralılar, qocalar və qadınları azad etməyə razı olarsa, Qəzzada altı həftəlik atəşkəs bu gün başlayacaq. Artıq bir müddətdir bununla bağlı danışıqlar gedir. İndi top HƏMAS-ın meydanındadır”, – o deyib.
Onun sözlərinə görə, tərəflər Dohada danışıqları davam etdirir. “Bir müddətdir ki, Ramazana qədər onları tamamlamaq üçün çalışırıq. Son bir neçə həftə ərzində əhəmiyyətli irəliləyişlər əldə olunub. Amma hələ ki, müqavilə bağlanmayıb”, – o bildirib.
O əlavə edib ki, radikalların razılaşması Qəzzada mülki şəxslər üçün humanitar yardımın həcminin artırılmasına kömək edəcək. Administrasiya rəsmisinin sözlərinə görə, ABŞ martın 2-də Fələstin anklavına ilk yardımın hərbi təyyarələrlə çatdırılmasını uğurla həyata keçirib və yaxın həftələrdə də yardımı hava yolu ilə çatdırmağa davam edəcək.