Naxçıvanda kütləvi tuberkulin test sınaqları аparılır.
“İNFONEWS” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanan tədbirlər planına əsasən, ötən həftədən başlayaraq muxtar respublikanın şəhər və rayonlarında yerləşən məktəblərdə təhsil alan şagirdlər arasında vərəmin erkən aşkar olunması məqsədilə I-VI sinif şagirdlərində kütləvi tuberkulin test sınaqları аparılır. Bu məqsədlə rayon xəstəxanaları və akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası tərəfindən tuberkulin testlərinə cəlb ediləcək şagirdlərin siyahıları tərtib olunub, həkim və tibb bacılarından ibarət xüsusi briqadalar yaradılıb.
Vərəm xəstəliyində erkən diaqnozun qoyulması və müalicəsinin vaxtında aparılması üçün başlanğıc və məhdud formalı vərəmin erkən aşkarlanıb vaxtında müalicəyə cəlb olunması mühüm əhəmiyyət kəsb edir.
Test sınaqları diaskin preparatı ilə aparılır ki, bu, həssas və yüksək spesifik preparat kimi, vərəmə yoluxmuş və vərəmə yoluxma riski yüksək olan insanların aşkar edilməsində mühüm rol oynayır. Belə ki, mantu sınağında dəqiqlik 70 faizdirsə, diaskin testdə bu göstərici 98 faizdir. Bu testin bir üstün cəhəti də mantu sınağında rast gəlinən allergik reaksiyaların və yalançı müsbət nəticələrin olmamasıdır. Bir sözlə, diaskin test vərəmə yoluxmuş xəstələrin erkən aşkar olunması və yoluxmuş insanların müalicəsinin effektivliyini göstərən dəqiq sınaq üsuludur.
Sınaqlar bitdikdən sonra şəhər və rayonlar üzrə testlərin nəticələri qiymətləndirilərək şübhəli və müsbət reaksiyalı şagirdlərin “Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri” publik hüquqi şəxsində dərin ftiziatr müayinəsinə, lazım gələrsə, müalicəyə və kimyəvi profilaktikaya cəlb olunmaları üçün zəruri tədbirlər həyata keçiriləcək.