Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi Anar Aslanovun cinayət işi məhkəməyə göndərilib.
Bu barədə “İNFONEWS” -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, istintaqla Anar Aslanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı şəxslərdən aldığı külli miqdarda rüşvət müqabilində 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan 800-dən artıq avtomobilin qanunsuz şəkildə rəsmiləşdirməsinə şərait yaratdığı müəyyən olunub.
Anar Aslanova Cinayət Məcəlləsinin 308.2. (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib, onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.