BİR PAYIZ AXŞAMI KÜLƏK ƏSİRDİ – Nihat İSKƏNDƏRLİ

BİR PAYIZ AXŞAMI KÜLƏK ƏSİRDİ – Nihat İSKƏNDƏRLİ

“İNFONEWS” təqdim edir.

SON GÖRÜŞ

Bir payız axşamı külək əsirdi,
Yarpaqlar düşürdü ağacdan bir-bir.
Soyuqdanmı, qorxudanmı bilmirəm
Yaman titrəyirdi ayağım tir-tir.

Buludlar almışdı göyün üzünü,
Kaş yenə səmada ulduz olaydı.
Adını qoymazdım gərək ulduza,
Sənə bənzəməzdi, adsız olaydı.

Bura necə doğma, necə əzizdi,
Son görüşümüzdü ilk görüş yeri.
Gözlə qaş arasında bitdi bu sevgi,
Hələ soyumayıb ilk öpüş yeri.

Uzaqdan göründü bir nəfər mənə,
Yaman sevinirdim, uşaqlaşırdım.
İlahi, bu necə ədalətdir ki,
Mən sənə gəldikcə uzaqlaşırdım.

Sən bu xasiyyəti tərgitməmisən,
Yenə gecikmisən görüş yerinə.
Mən sənə gələndə sevgi gətirdim,
Sən qəm gətirmisən gülüş yerinə.

Xəyalın gəldikcə, gözümdən itdi,
Səni də itirdim duman içində.
Daha gözləməyə yoxdur taqətim,
Bu qədər şübhəylə, güman içində.

Əsən külək mənim içimdə əsdi.
Ağactək qəlbimdə bitirdim səni.
Düşən hər yarpaqda ümidim vardı.
Sonuncu yarpaqda itirdim səni.

Nihat İSKƏNDƏRLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir