“Nizami elə böyük dühadır ki… “8 fevral tarixində “Nizami ili” çərçivəsində “Nizami elə böyük dühadır ki…” adlı elmi vebinar keçirilib.
“İNFONEWS” xəbər verir ki, vebinar Azərbaycan Gənclik Platforması (AGP), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 Kitabxanası, “Xarıbülbül Akademiyası”nın birgə təşkilatçılığı və UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının dəstəyi ilə baş tutub.
Vebinarı AGP sədri Fariz Vəliyev Azərbaycanın görkəmli mütəfəkkir ustadı Nizami Gəncəvinin dünya mədəniyyətində tutduğu yerindən danışaraq açıb.
Vebinarda UNEC KİM-in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova “Nizami yaradıcılığının təbliğində kitabxanaların rolu” mövzusunda çıxış edərək, dahi Nizaminin əsərlərinin həmişə gənc, aktual, bəşəri və ölməz olduğunu vurğulayaraq, onun bədii irsini müasir informasiya məkanında ən yeni avanqard qaydalarla təbliğinə hər bir kitabxananın, eləcə də e-kitabxananın yer vərməsini tövsiyə edib.
Tədbirdə Bakı Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının nizamişünas alimləri dosent Lalə Əliyeva “Mədəniyyət elçiləri – Nizami” və Sevinc Qocayeva “Nizaminin insan konsepsiyası”, həmçinin “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının dosenti Məhəmməd Məmmədov “Nizami və xalq yaradıcılığı” mövzularında çıxış ediblər. UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının Zaqatala filialının sədri Əli Əhmədzadə çıxışını “Nizaminin gənclərə nəsihəti”nə həsr edib.
Tədbirdə BDU tələbələri, UNEC Kitabxana İnformasiya Mərkəzinin kollektivi, UNEC-in müəllim-tələbə heyəti, təşkilat üzvləri iştirak ediblər. “Nizami elə böyük dühadır ki…” elmi vebinar maraqlı təhlillər və müzakirələr ilə yadda qalıb.