İşğaldan azad edilən ərazilərin yenidən qurulması və bərpası istiqamətində işlər davam etdirilərək Tərtər rayonunda sututumu 5,86 mln. kubmetr olan Suqovuşan su anbarında və 5,2 km magistral kanalda, Ağdam rayonunda sututumu 23 mln. kubmetr olan Xaçınçay su anbarında və 7 km magistral kanalda tikinti işləri başa çatdırılıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda qeyd olunub ki, Füzuli rayonunda ümumi sututumu 15,5 mln. kubmetr olan Köndələnçay çayı üzərində 3 su anbarında və uzunluğu 20,2 km, sərfi 20 kubmetr/san. olan Tərtərçay Sol Sahil kanalının yenidən qurulması üzrə kanalın 20,17 km hissəsi betonla üzlənib, 1066 pm uzunluğunda selötürən kanal tikilərək üzərində SKADA sisteminin quraşdırılması işləri tamamlanıb.
Ağdam, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunan ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası, habelə Qız qalası su anbarından uzunluğu 56 km, sərfi 65 kubmetr/san. olan magistral kanalın, Laçın rayonunda sututumu 90,8 mln. kubmetr olan Həkəri çay və Qubadlı rayonunda sututumu 67 mln. kubmetr olan Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri aparılıb.