“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” – II Çay Festivalı
Martın 5-16-da 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” adlı II Çay Festivalı keçirilib.
“İNFONEWS” – un Mərkəzdən əldə etdiyi məlumatında bildirilib ki, Çay Festivalı çərçivəsində martın 5-10-da dərnək üzvləri arasında “Azərbaycan və Türk xalqlarını birləşdirən qonaqpərvərliyimiz çay süfrəsi arxasında” adlı ən yaxşı təqdimat müsabiqəsi təşkil olunub.
Martın 11-12-də “Süfrələrin yaraşığı çay” adlı rəsm və əl işləri sərgisi keçirilib. Martın 13-də “Çay mədəniyyəti qonaqpərvərliyimizin rəmzidir” mövzusunda II Çay Festivalının açılış tədbiri keçirilib. Martın 15-də Astara rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə II Çay Festivalının Qala konserti və ustad dərs keçirilib. “Astaraçay” MMC-nin nəzdində Çay muzeyinə və Çay Fabrikinə ekskursiya təşkil olunub. Martın 16-da Astara rayon “Tarix- diyarşünaslıq” muzeyinə, Hirkan Milli Qoruğu ərazisində yerləşən Xanbulan gölünə ekskursiyalar təşkil olunub.