Elçin Hüseynov: Vətənimizin inkişafı üçün böyük imkanlar var

İNFONEWS təqdim edir : “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetin reallaşdırılması nəzərdə tutulur: Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.  Prezident İlham Əliyevin həyata keçirdiyi bütün möhtəşəm layihə və proqramlar kimi, bu Milli Prioritetlər də Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasına dəqiq hesablanmışdır.
Son 17 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artmışdır. Respublikamız bölgənin ən qüdrətli ölkələrindən birinə çevrilmiş, beynəlxalq aləmdə demokratik inkişafda olan bir dövlət kimi tanınmışdır. Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, regionda lider dövlətə çevrilməsi ilk növbədə Azərbaycan Prezidentinin düşünülmüş siyasətinin, ölkədə ictimai – siyasi sabitliyinin yaradılmasının, vətəndaş həmrəyliyinin təmin edilməsinin nəticəsidir.
Dövlətimizin iqtisadi uğurları ilk növbədə erməni faşizmi üzərində qələbəmizi reallaşdırdı. Əgər Azərbaycan iqtisadi cəhətdən güclü, beynəlxalq aləmdə sözü keçən bir dövlət olmasaydı 44 günlük müharibəni belə unudulmaz qələbə ilə başa vura bilməzdik. Bu dünya hərb tarixinə qızıl hərflərlə yazılan qələbə olmaqla bərabər, həm də iqtisadiyyatımızın dayanıqlı, xalqın yekdil, ordumuzun güclü olduğunu göstərdi.
Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün iki məqsəd təmin olunmalıdır: davamlı və yüksək iqtisadi artım, habelə daxili və xarici təsirlərə dayanıqlıq. Davamlı və yüksək iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.
Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir.   “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bildirilir ki, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət göstərməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq, iqtisadi imkanlara çıxışı bərabərlik və ədalətlilik baxımından diqqət çəkməlidir. Vətən müharibəsində qazandığımız böyük və tarixi qələbə, torpaqlarımızın azğın düşməndən azad edilməsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün geniş imkanlar yaratmaqla bərabər, qarşıya mühüm vəzifələr qoyur. Sənəddə sadalanan beş istiqamətin hər biri geniş mövzunu əhatə edir. Hər şeydən əvvəl nəzərə almalıyıq ki, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır.
Bir daha qeyd etməliyik ki,  Prezident İlham Əliyevin bu il fevralın 2-də imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı növbəti 10 il ərzində ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. Göründüyü kimi, dövrün, zamanın tələbi əsasında təsdiqlənən Dövlət proqramlarının, İnkişaf strategiyalarının icrasının uğurlu sonluqla başa çatması digər sənədin qəbulunu zərurətə çevirir. Bu, bir daha onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə baxır. Bu sənədi öyrənərkən bir daha əmin oluruq ki,  ki, iqtisadiyyatı möhkəm, davamlı və dayanıqlı olan dövlət güclüdür, çətinlikləri dəf etməyə, xalqı öz ətrafında birləşdirməyə, beynəlxalq aləmə çıxmağa qadirdir. Bunu vətən müharibəsi bir daha sübut etdi. Biz də möhkəm inanırıq ki,  ki, ölkəmizin iqtisadiyyatı bundan sonra da uğurla inkişaf edəcək, insanlarımızın yaxşı, mənalı yaşaması təmin olunacaq.

Elçin Hüseynov -Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir