Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan Günü və iftar süfrəsi təşkil edilib.
“İNFONEWS” xəbər verir ki, tədbir Poklonnaya qoradakı Memorial məscidində açılan “Ramazan çadırı”nda Moskva şəhəri Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə keçirilib və “Ailə ili”nə həsr olunub.
Tədbirdə 1500-dən çox insan – ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan müsəlmanlar iştirak ediblər.
Dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva müftisi, Moskva Kafedral Məscidinin imamı İldar Alyautdinovun adından təşəkkür məktubu ünvanlanıb.
Moskvadakı Müsəlman məktəbinin direktoru Ənas Həzrət Məmmədov iştirakçıları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu tədbirin keçirilməsinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycanın tarixindən və adət-ənənələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib, “ButaTrio” nun müşayiəti ilə muğam ifa olunub, müsəlman məktəbinin şagirdləri Məhəmməd Peyğəmbərin həyatından bəhs edən teatrlaşdırılmış səhnəciklər təqdim ediblər. Tədbir uduşlu hədiyyələr olan viktorina ilə davam edib.
İftar başlamazdan əvvəl “Qurani-Kərim”dən ayələr oxunub, axşam namazı qılınıb. Sonra müsəlmanlar Azərbaycanın milli yeməklərini və şirniyyatlarını dadıblar.
“Ramazan çadırı” 2006-cı ildən etibarən müsəlmanların müqəddəs Ramazan ayında həyata keçirilən illik sosial və xeyriyyə layihəsidir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi vitse-prezident Leyla Əliyevanın təşəbbüsü ilə hər il bu xeyriyyə layihəsində iştirak edir.
Fəridə Abdullayeva
AZƏRTAC, Moskva