MDU ilə TİKA arasında əməkdaşlıq məsələləri müzakirə edilib
MDU ilə TİKA Bakı Proqram Koordinasiya Ofisi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
“İNFONEWS” – a universitetdən verilən məlumatda bildirilib ki, 2024-cü ilin aprelin 1-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisində Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti ilə görüş keçirilib.
MDU nümayəndə heyətini salamlayan TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən və dəstək mexanizmlərindən bəhs edib. Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ildə TİKA üçün dayanıqlı inkişafla bağlı layihələrin prioritet əhəmiyyət daşıdığını vurğulayan H.Özçelik bu istiqamətdə MDU-dan təklif ediləcək təşəbbüslərə dəstək göstərməyə hazır olduqlarını bildirib.
Səmimi qarşılanmaya və dəstəyə görə təşəkkürünü bildirən MDU-nun rektoru Şahin Bayramov rəhbərlik etdiyi universitetin strateji məqsədlərini, hədəflərini və real ehtiyaclarını diqqətə çatdırıb. Dayanıqlı inkişaf əsaslı yeni dövrün universitetinə çevrilməyin strateji məqsədlərdən biri olduğunu qeyd edən rektor bununla əlaqədar MDU-da son dövrdə görülən işlər və qardaş Türkiyənin tərəfdaş universitetləri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan tədbirlərdən danışıb. TİKA ilə işbirliyinin universitetin potensialının inkişafına töhfə verəcəyinə əminliyini ifadə edən Ş.Bayramov əməkdaşlığın mümkün istiqamətləri barədə fikirlərini bölüşüb.
Potensial əməkdaşlığa dair aparılan müzakirələrdən sonra növbəti mərhələdə atılacaq birgə addımlar barədə ilkin razılıq əldə edilib.