Sankt-Peterburqda “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olacaq
Aprelin 23-də Rusiya Milli Kitabxanasının yeni binasında “Heydər Əliyev. Həyatının 100 anı” kitabının rus dilində nəşrinin təqdimatı olacaq.
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir ki, kitab haqqında onun müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli məlumat verəcək. Kitab Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsinin təbliği” beynəlxalq layihəsi çərçivəsində işıq üzü görüb.
Kitabda Ulu Öndərin həyat və fəaliyyətinin ən əlamətdar məqamları öz əksini tapıb, oxuculara ailə arxivindən fotoşəkillər, dünya liderləri ilə görüşlər, elmi-publisistik materiallar təqdim olunub.
Qonaqların qarşısında Azərbaycanın yaradıcı qrupları da çıxış edəcəklər. Tədbir “Sankt-Peterburqda Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti” RİT və “Leninqrad Vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” RİT-in təşəbbüsü ilə keçirilir.
Təqdimat çərçivəsində eyniadlı sərginin açılışı da olacaq. O, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolundan, yürütdüyü daxili və xarici siyasətdən, dövlətçiliyin formalaşmasında həlledici rolundan, milli inkişaf strategiyasının həyata keçirilməsindən bəhs edəcək. Sərgi Rusiya Milli Kitabxanasının Milli ədəbiyyatlar şöbəsi tərəfindən hazırlanıb.
“Heydər Əliyev. Həyatının 100 anı” nəşrinin ilk təqdimatı ötən ilin mayında Bakıda, daha sonra Türkiyə, Qırğızıstan, Belarus və digər ölkələrdə keçirilib. Kitab ingilis, rus və rumın dillərinə tərcümə olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq