Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində – ADNSU) törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Bu barədə “İNFONEWS”-a ADNSU-dan məlumat verilib.
Tədbir terror qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önünə əklil və gül dəstələrinin düzülməsi ilə başlanıb.
Sonra universitetin həyətində faciə qurbanlarının əziz xatirəsinə ağac əkilib. Ağacın önündə quraşdırılmış lövhədə QR kod vasitəsilə universitetin veb-saytına daxil olaraq həmin terror aktında həlak olanlar və zərərçəkənlər haqqında ətraflı məlumat almaq mümkündür.
Ağacəkmə aksiyası başa çatdıqdan sonra anım tədbiri keçirilib. ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov çıxış edərək 30 aprel faciəsindən danışıb. O bildirib ki, universitetin dəyərli müəllim və tələbələrinin həyatına son qoyulduğu bu hadisə təkcə ADNSU-nun tələbələrinə və əməkdaşlarına qarşı deyil, insanlığa qarşı törədilmiş terror aktı idi. V.Əskərov qeyd edib ki, hər il aprelin 30-da universitetdə anım tədbiri keçirilir, faciə qurbanlarının xatirəsi anılır.
Daha sonra hadisə şahidi və zərərçəkmiş, ADNSU-nun Sənaye maşınları kafedrasının dosenti Zemfira Hüseynli, faciə zamanı həyatını itirən universitetin əməkdaşı Şəfa Məmmədovanın valideyni Xuraman Məmmədova, həlak olmuş tələbələrin valideynləri və faciənin şahidi olan universitet əməkdaşları çıxış edərək həmin qanlı hadisə haqqında danışıblar.