Azərbaycanlı nazir qızının Fransa həyatı
“İNFONEWS” xəbər verir.
Milli Televiziya Günündə AzTV-də yeni layihə təqdimatı olacaq.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, anonslarının yayıldığı vaxtdan tamaşaçı marağı ilə qarşılaşan “Yüz ilin adamları” layihəsinin ilk buraxılışı fevralın 14-də yayımlanacaq. Verilişin birinci buraxılışı ilk fransızdilli, beynəlxalq səviyyədə qəbul olunan yazıçımız Banin haqqındadır.
Verilişdə milyonçular Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, Azərbaycan Xalq Cümhuriyyətinin ticarət və sənaye naziri Mirzə Əsədullayevin qızı, Fransada məşhurlaşan qalmaqallı yazıçı Banin, yəni Ümmülbanu Əsədullayevanın mühacirətdən əvvəlki və sonrakı həyat yolu işıqlandırılıb. Layihə komandası Baninin ədəbi varisi, dostu, tələbəsi ilə görüşüb, onun arxivini qoruyan ingilis zadəgan ailəsinin qonağı olub.Yaradıcı heyət Baninin şəxsi arxivini qoruyan şəxsləri Parisin 400 km cənubunda – Herbernak qəsəbəsində tapıb. Verilişdə onun arxivi, heç vaxt görünməyən foto və videoları yayımlanacaq. Bundan başqa, “Yüz ilin adamları”nda Baninin hələ sovet vaxtı Azərbaycanla əlaqələrini qurmasına vasitəçilik edən diplomat Ramiz Abutalıbovun da müsahibəsi yer alıb.
Sovet hakimiyyətinin Azərbaycanı işğal etməsindən sonra Əsədullayevlər ailəsi milyonlarını itirib, onlar Avropaya köçmək məcburiyyətində qalıblar. Bununla da Baninin mühacirət həyatı başlayıb. Parisdə yaşayan Banin gah katibə, gah dayə, gah model kimi çalışıb. O, dünyada model kimi çalışan ilk azərbaycanlı olub. Daha sonra fransızca ilk kitabını çap edərək məşhurlaşıb. Vətəndən uzaqda yaşamasına baxmayaraq Baninin yaradıcılığında Azərbaycan adət-ənənələri, tarixi həqiqətlər əks olunub. Verilişdə Baninin şəxsi həyatı, evlilikləri, yaradıcı fəaliyyəti ilə yanaşı, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq cəhdlərindən, ermənilərlə mübarizəsindən danışılacaq, maraqlı faktlar təqdim olunacaq.
Məşhur yazıçı Ernst Yüngerlə Banin haqqında çəkilən filmin kadrarxası görüntüləri də ilk dəfə “Yüz ilin adamları”nda geniş auditoriyaya təqdim olunacaq. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Brand media”nın istehsal etdiyi veriliş fevralın 14-ü saat 22:00-da Hüseyn Cavadzadənin təqdimatında AzTV-də yayımlanacaq.