Azərbaycan startapı Niderland şirkəti tərəfindən satın alınıb
Azərbaycan startapı “Dr.Agro” Niderland şirkəti tərəfindən satın alınıb.
“İNFONEWS” – un Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) əldə etdiyi məlumatında bildirilib ki, onlayn təhsil platforması olan “Metatesk” startapının təsisçisi Günay İmanzadə “Forbes” jurnalının dərc etdiyi “30 under 30” siyahısında yer alıb. Azərbaycanlı gənclər tərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın ən yaxşı təhsil startapları arasında London şəhərində “Microsoft”, “Meta”, “Samsung” kimi şirkətlərin məhsulları ilə birgə sərgilənib. Kağız çeklərin rəqəmsallaşması platforması olan “Recepta” startapı isə ölkəmizi mayın 7-9-da Əbu-Dabi şəhərində keçirilən və dünyanın 100-ə yaxın ölkəsindən startapların öz layihələrini investorlara təqdim etdiyi “İllik İnvestisiya Toplantısı”nda (AIM Congress) təmsil edərək, münsiflər heyətinin favorit layihələri arasında yer alıb.
Azərbaycan startaplarının qeyd edilən uğurları yalnız son bir neçə ayda əldə olunmuş nailiyyətlərdir. Bu startapları birləşdirən başlıca ortaq nöqtə isə onların layihələrinin inkişafına dövlət tərəfindən dəstək göstərilməsidir. Adıçəkilən layihələrin dördünə də KOBİA-nın təmin etdiyi dövlət dəstəyi çərçivəsində “Startap” şəhadətnaməsi verilib. Bu sənəd layihələri 3 il müddətində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edib. Bu isə startaplara layihə üzərindən əldə etdikləri qazancı layihənin daha da inkişaf etdirilməsinə yönəltməyə imkan verib. Sənəd həm də yerli və xarici investorlardan sərmayə cəlb edilməsi zamanı layihəyə üstünlük qazandırır, müvafiq ekosistemə daha asan inteqrasiya etməkdə dəstək olur. “Dr.Agro” layihəsi isə “Startap” şəhadətnaməsi ilə yanaşı, KOBİA tərəfindən keçirilmiş 4-cü qrant müsabiqəsinin qalibi kimi 16 min manat həcmində maliyyə dəstəyi də alıb.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında KOBİA tərəfindən mikro və kiçik sahibkarlara 22, indiyədək isə 145 “Startap” şəhadətnaməsi verilib. KOBİA tərəfindən keçirilmiş 4 qrant müsabiqəsi çərçivəsində isə aralarında startap layihələrinin də olduğu 58 layihənin maliyyələşdirilməsinə dəstək məqsədilə ümumilikdə 1 milyon manatdan çox qrant vəsaiti ayrılıb.
Adıçəkilən startaplar dövlət dəstəyi hesabına layihələrini inkişaf etdirmiş və dünya bazarına çıxara bilmiş Azərbaycan startaplarından yalnız bir neçəsidir. Dövlətin də dəstəyi ilə hazırda layihələrini inkişaf etdirən, onları gəlirli biznesə çevirmək yolunda uğurla addımlayan startaplarımızın daha böyük nailiyyətləri isə qarşıdadır.