TDT və Macarıstan arasında “Birgə fəaliyyət planı” imzalanıb
Türk Dövlətləri Təşkilatı (TDT) ilə Macarıstanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi arasında “Birgə fəaliyyət planı” imzalanıb. Sənəd TDT-Avropa İttifaqı (Aİ) əlaqələrinin inkişafına dəstək məqsədi daşıyır.
“İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, bu barədə təşkilatın yazılı açıqlamasında bildirilir.
Məlumata əsasən, sənəd TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyartonun görüşü zamanı təsdiqlənib.
Görüşdə “Birgə fəaliyyət planı”, o cümlədən Macarıstanın Avropa İttifaqına iyul ayında başlayacaq sədrliyi dövründə TDT-Aİ əlaqələrinin inkişafı istiqamətində atılacaq addımlar və Macarıstanda keçirilməsi planlaşdırılan tədbirlər müzakirə olunub.
Nazir Macarıstanın TDT və təşkilata üzv ölkələrlə çoxşaxəli əməkdaşlığını daha da gücləndirməkdə qətiyyətli olduğunu bir daha vurğulayıb.
Xatırladaq ki, Macarıstan 2018-ci ildən etibarən Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür.