Azərbaycan dili normalarına riayət etmək mövzusunda müzakirə aparılıb
Mayın 16-da “Xalq qəzeti”nin redaksiyasında qəzetin dilinin monitorinq nəticələri ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin əməkdaşları – şöbənin müdiri fil.ü.f.d. Vəfa Abdullayeva-Nəbiyeva, aparıcı elmi işçi fil.ü.f.d. Sevinc Məmmədova, böyük elmi işçi fil.ü.f.d. Gülnara Cəfərova və operator Nərmin Göyüşova ilə görüş keçirilib.
“İNFONEWS” xəbər verir ki, görüşdə Azərbaycan dilinin saflığı və təmizliyini qorumaq məqsədilə dil normalarına riayət etmək məsələləri müzakirə olunub, təkliflər irəli sürülüb. Aparılan monitorinqin nəticəsi olaraq hər say üzrə fonetik (orfoqrafik və durğu işarələri), leksik, qrammatik norma pozuntusu halları ayrılıqda qeyd olunub, ümumi statistik göstəricilər təqdim olunub.