Bakıda 21-22 may tarixlərində “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək.
Bu barədə “İNFONEWS” -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
AQTA və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirak etməsi nəzərdə tutulur.
“Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunun məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.
Tədbirin ilk günündə “İqlim dəyişikliyi şəraitində dayanıqlı kənd təsərrüfatı təcrübələrinin zərərli orqanizmlərlə mübarizədə rolu: COP29 konteksində” və “Bitki sağlamlığında elmi-tədqiqatlar və kadr potensialı” mövzularında sessiyaların keçirilməsi planlaşdırılır. Tədbirin 2-ci günündə isə “Meyvə istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “İstixanada zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “Birillik bitkilərin istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri” və “Bitki mühafizəsi vasitələrindən düzgün istifadə və bioloji mübarizə üsullarının tətbiqi” mövzularında sessiyaların təşkil olunması nəzərdə tutulur. Sessiyalar zamanı müxtəlif mövzularda çıxışların edilməsi, müzakirələrin aparılması və Fitosanitar Ekspertlər Qrupunun təsis olunması planlaşdırılır.