Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihə uğurla yekunlaşıb
2021-ci ilin 12 fevral tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin başa çatması ilə əlaqədar olaraq bağlanış və mükafatlandırma mərasimi keçirilib.
İnfoNews-a MDU-ya verilən məlumata görə, “ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən mərasimdə MDU-nun rektoru Şahin Bayramov, universitetin tələbə, magistrant və akademik heyət üzvləri, Siegen Universitetindən layihə rəhbəri “Sahibkarlıq və ailə biznesi” kafedrasının müdiri, professor Petra Muq və layihənin icrasına Almaniyadan cəlb olunmuş ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov ötən ilin noyabr ayından start verilən birgə layihənin uğurla başa çatması münasibətilə layihə iştirakçılarını təbrik edib. Eyni zamanda, regional eko-sistemin inkişafına töhfə baxımından sözügedən layihənin əhəmiyyətindən bəhs edən rektor sahibkarlıq sahəsində praktiki bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə faydalı təlimlərin keçirilməsində əməyi olan Siegen Universiteti komandasına təşəkkürünü bildirib.
Universitetlər arasında davamlı qarşılıqlı əməkdaşlığın üstünlüklərindən danışan Ş.Bayramov gələcəkdə MDU-nun strateji hədəflərinə uyğun istiqamətlərdə müxtəlif layihələrin reallaşdırılmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Layihə rəhbəri professor P.Muq, ekspertlər Julian Ruf, Konrad Meisner və Qənirə İbrahimova çıxış edərək pandemiya dövrünün çətinliklərinə baxmayaraq, birgə layihənin uğurla baş tutmasından və əldə edilən nəticələrdən məmnun olduqlarını ifadə ediblər.
Sonra, mükafatlandırma mərasiminə başlanılıb və bütün təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib. Layihə çərçivəsində müxtəlif sahələr üzrə biznes planlarını təqdim edən MDU-nun tələbə və magistrantlarından ibarət komandalar arasından qaliblər elan edilib.
Ən yaxşı biznes planı seçilmiş “New line textile” adlı biznes planın müəllifləri magistrantlar İlham İlyasov və Zamin İsmayılov, “Artificial irrigation” adlı biznes planın müəllifləri magistrant Elvin Muradzadə və tələbə Zəminə Məmmədova dünyaca nüfuzlu “Coursera” beynəlxalq təhsil şirkətində ödənişsiz birillik təhsil almaq hüququ qazanıblar.