Rişi Sunak seçkilərdə qalib gələrsə…
Böyük Britaniyanın Baş naziri Rişi Sunak iyulun 4-də keçiriləcək növbədənkənar seçkilərdə qalib gələrsə, 18 yaşlı gənclər üçün hərbi xidməti bərpa edəcəyini açıqlayıb.
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir ki, Baş nazir Britaniyanın bu gün daha təhlükəli gələcəklə üz-üzə olduğunu və buna görə də belə bir hərbi xidmət modelini planlaşdırdığını deyib.
“Britaniya bu gün daha təhlükəli və daha bölünmüş gələcəklə üz-üzədir. Demokratik dəyərlərimizin təhlükə altında olduğuna şübhə yoxdur. Buna görə də biz 18 yaşlı gənclər üçün cəsarətli yeni milli hərbi xidmət modelini təqdim edəcəyik”, – deyə o bildirib.
Baş nazirin təklif etdiyi yeni modelə əsasən gənclərə silahlı qüvvələrdə 12 ay müddətində tam zamanlı yerləşdirmə və ya bir il ərzində ayda bir həftə sonunu öz icmalarında könüllü olaraq keçirmək arasında seçim etmə şansı veriləcək. İcmalarda könüllü xidmət yerli yanğınsöndürmə, polis və Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinə, eləcə də yaşlı, təcrid olunmuş insanlarda tənhalıqla mübarizə aparan xeyriyyə təşkilatlarına kömək etməyi nəzərdə tutur. BBC xəbər verir ki, proqram ildə təxminən 2,5 milyard funt-sterlinqə başa gələcək.
Britaniyanın daxili işlər naziri Ceyms Kleverli hərbi xidmətdən yayınmağa görə heç bir cinayət cəzasının olmayacağını deyib. O qeyd edib ki, Mühafizəkarlar partiyası bu yeni modellə sosial parçalanmanın qarşısını almaq istəyir.
“Həddindən çox gənc öz icmaları daxilində komfort zonalarında yaşayırlar. Onlar müxtəlif dinlərə mənsub insanlarla, fərqli baxışlarla qarışmırlar”,- deyə nazir bildirib.
Leyboristlər Partiyası təklifin qeyri-ciddi olduğunu deyib.
Qeyd edək ki, 1947-1960-cı illər arasında Böyük Britaniyada 17-21 yaş arası kişilər 18 ay silahlı qüvvələrdə xidmət ediblər. Britaniya ordusunun sayı 2010-cu ildə 100 min nəfərə yaxın olsa da, 2024-cü ilin yanvarınadək bu rəqəm 73 min nəfərə qədər azalıb.