İsveçrədə Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib
Azərbaycanın İsveçrənin Bern şəhərindəki səfirliyində 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
“İNFONEWS” xəbər verir ki, qəbulda İsveçrədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, siyasi, mədəni, işgüzar dairələrin, Azərbaycan diasporasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərov 106 il əvvəl mayın 28-də Şərqdə, müsəlman dünyasında ilk parlamentli demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib.
Səfir Xalq Cümhuriyyətinin keçdiyi yoldan söz açıb, müsəlman dünyasında ilk demokratik ölkə olan Azərbaycan Demokratik Respublikasının tarixi əhəmiyyətindən, 23 aylıq dövrü ərzində qazandığı uğurlardan, onun müstəqillik yolundakı mübarizəsindən danışıb.
Səfir qeyd edib ki, Ulu Öndərin ölkədə apardığı köklü islahatlar və dəqiq müəyyən edilmiş strategiya Azərbaycanı dinamik inkişafa malik müasir dövlətə çevirdi.
Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz beynəlxalq arenada layiqli yerini tutub.
Azərbaycanın regionda davamlı sülh və inkişaf üçün çalışdığını deyən F.İsgəndərov suverenliyimizin bərpasının bütün Qafqaz regionunda yeni reallıqlar yaratdığını deyib.
Səfir Azərbaycan-İsveçrə münasibətlərinin uğurla inkişaf etdiyini, müxtəlif sahələr üzrə fəal dialoqun aparıldığını, bir çox İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Tədbirin bədii hissəsi konsert proqramı ilə davam edib.