Bu gün dünyada Ümumdünya Tütünsüz Günü kimi qeyd edilir
Bu gün bəşəriyyət bir daha tütündən istifadəyə qarşı kampaniyanın vacibliyini vurğulayır.
“İNFONEWS” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Ümumdünya Tütünsüz Günü kimi qeyd edilir. Bu günün qeyd olunması diqqəti tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır.
ÜST bu il Ümumdünya Tütünsüz Günü gənclərin bu zərərli vərdişdən qorunmasına həsr edib. Təşkilat ümidvar olduğunu bildirib ki, 2024-cü ildə bütün dünyada hökumətlər gəncləri zəhərli tütün marketinqi taktikalarından qorumağa təşviq edən bir platforma təqdim edəcək. ÜST-nin açıqlamasında deyilir: “Tütün sənayesi yeni bir asılılıq dalğası yaradaraq, gənclərin zəhərlənməsi hesabına qazanc əldə etməyi hədəfləyir. Bütün regionlarda uşaqlar böyüklərdən daha yüksək nisbətdə elektron siqaretdən istifadə edirlər və qlobal miqyasda 13-15 yaşlı təxminən 37 milyon gənc tütündən istifadə edir”.
ÜST və qlobal tütün sənayesinə nəzarət orqanı olan STOP bu gün tütün və nikotin sənayesinin məhsulları necə dizayn etdiyini, marketinq kampaniyalarını həyata keçirdiyini və onlara kömək etmək üçün siyasət mühitinin formalaşdırılmasına çalışdığını vurğulayan “Gələcək nəsilləri uzaqlaşdırmaq” hesabatını təqdim edib. Sənəddə göstərilir ki, ÜST-nin Avropa Regionunda sorğuda iştirak edən 15 yaşlı gənclərin 20 faizi son 30 gündə elektron siqaretdən istifadə etdiyini bildirib.
Tütündən istifadənin azaldılmasında əhəmiyyətli irəliləyişlərə baxmayaraq, elektron siqaretlərin və digər yeni tütün və nikotin məhsullarının ortaya çıxması tütünlə mübarizəyə ciddi təhlükə yaradır. Tədqiqatlar göstərir ki, elektron siqaretdən istifadə, xüsusən də siqaret çəkməyən gənclər arasında adi siqaret istifadəsini təxminən üç dəfə artırır.
“Tarix təkrarlanır, çünki tütün sənayesi eyni nikotini uşaqlarımıza müxtəlif qablaşdırmada satmağa çalışır” – deyə ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. O əlavə edib ki, bu sənayelər fəal şəkildə məktəbləri, uşaqları və gəncləri yeni məhsullarla hədəf alır, mahiyyətcə konfet ətirli tələ qurur.
Son statistik rəqəmlərə görə, hər il dünyada təxminən 9,4 milyon nəfər tütün epidemiyasının qurbanı olur. Onların bir hissəsi də passiv siqaretçəkənlərdir. ÜST bildirir ki, tütündən istifadə edənlərin əksəriyyəti 70 yaşına çatmadan vəfat edir. Bu zərərli vərdiş, həmçinin 25-dən çox xəstəliyə, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklərə səbəb olur.
Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilib. Bu sənədin icrası üzrə həyata keçirilən ardıcıl tədbirlər əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır.