14 Fevralın “Beynəlxalq kitab bağışlama” günüdür
“İNFONEWS” xəbər verir.
Dünyada 14 fevral “Beynəlxalq kitab bağışlama günü” kimi qeyd edilir.
Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova danışıb qeyd etdi ki, bütün dünya bu günü – 14 fevral tarixini, “Müqəddəs Valentin” günü, yəni Sevgililər günü kimi qeyd edir. Amma unutmayaq ki, bu gün həm də “Beynəlxalq kitab bağışlama” günüdür. “International Book Giving Day” kitab bayramı uşaqlara kitab hədiyyə edən və onlarda mütaliəyə sevgi yaradan bütün insanların birlik günüdür.
“Beynəlxalq kitab bağışlama günü” 2012-ci ildən qeyd edilir. Bu ideyanı ABŞ-da tanınmış “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoora balaca oğlu verib.
2013-cü ildə dünyanın 4 bir tərəfindən bloqqerlər sözləşərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Beləliklə, bir çox ölkələrdə 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Qısa zaman ərzində kitabsevərlər, uşaq yazıçıları, blogerlər və məşhur ziyalılar bu təşəbbüsü dəstəkləyib və hər il qeyd edilməsi üçün əlindən gələni əsirgəməyiblər.
Hər ilin bu günündə yüzlərlə-minlərlə uşaq böyüklərdən kitab hədiyyəsi qəbul etmək sevincini yaşayır.
Biz də UNEC-in 24/7 Kitabxanası olaraq,belə bir gözəl ənənənin davam etməsinə hər zaman çalışmışıq. “Balacalara kitab oxuyaq” layihəsi çərçivəsində şəhərimizin müxtəlif uşaq bağçalarında qonaq olub, körpələrimizə kitablar hədiyyə edərək, bu günü birgə qeyd etmişik.
– deyə, Arzu Məmmədova vurğuladı.