İndoneziyada Məlumat Emalı Mərkəzinə kiberhücum olub
Kibercinayətkarlar İndoneziyanın Milli Məlumat Emalı Mərkəzinin şifrəsini qıraraq 8 milyon dollar tələb ediblər.
“İNFONEWS” xəbər verir ki, bu barədə “Antara” dövlət informasiya agentliyi ölkənin rabitə naziri Budi Ari Setiadiyə istinadla məlumat yayıb.
Bildirilir ki, avtomatlaşdırılmış maşınların işləməyə davam etməsinə baxmayaraq, hücum ötən həftə hava limanlarında bəzi dövlət xidmətlərinin işini pozub.
Nazir bildirib ki, cinayətkarlar “Lock Bit 3.0” adlı mövcud zərərli proqramın yeni versiyasından istifadə ediblər.
Şifrələyici “LockBit” kompüter sistemlərinə girişi bloklayan və məlumatların bərpası üçün istifadəçidən pul tələb edən zərərli proqram təminatıdır. O avtomatik olaraq uyğun qurbanı tapır, şəbəkəyə yayılır və yoluxmuş cihazlardakı bütün məlumatları şifrələyir. Şifrələyici böyük müəssisələrə və digər təşkilatlara qarşı məqsədyönlü hücumlarda istifadə olunur. Cinayətkarlar bu öz-özünə idarə olunan zərərli proqram təminatından istifadə edərək, bütün dünyada şirkətlərə hücum edərək zərər verirlər. Hücumun qurbanı müqavimət göstərərsə, hakerlər məxfi məlumatları sızdırmaqla və ya silməklə hədələyirlər.