Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Ali Neft Məktəbinin (BANM) kampusunu ziyarət edib.
Ba barədə “İNFONEWS“-a BANM-dən məlumat verilib.
Bildirilib ki, o, Ali Məktəbdə yaradılmış tədris şəraiti, maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə yaxından tanış olub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yüksək keyfiyyətli tədris üçün yaradılan şərait, innovasiyaların təhsildə tətbiqi, gələcək perspektivlər barədə qonağa ətraflı məlumat verib. Bakı Ali Neft Məktəbinin tədris otaqlarına, tədqiqat laboratoriyalarına, İnnovasiya Mərkəzinə, müasir texnoloji kitabxanasına, çoxprofilli konfrans zallarına, neft tarixinə dair nadir eksponatların yer aldığı muzeyə baxış keçirilib.
Daha sonra Hikmət Hacıyev BANM-in tələbə, professor-müəllim heyəti və əməkdaşlarının iştirak etdiyi görüşə qatılıb. Karantin qaydalarına uyğun şəkildə sadəcə bir qisim iştirakçı ilə təşkil edilən canlı görüş paralel olaraq onlayn formatda da yayımlanıb. Onlayn görüşə 900-dək iştirakçı qatılıb.
İlk olaraq tədbir iştirakçılarını salamlayan rektor Elmar Qasımov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə qazanılan Böyük zəfərdə ölkəmizin informasiya müharibəsindəki üstünlüyündən də bəhs edib. O, geniş miqyasda təşkilatlanmış formada həyata keçirilən təbliğat-təşviqat, informasiya mübadiləsi, ordunun və xalqın ruh yüksəkliyinin qorunub saxlanılmasında düzgün informasiya siyasətinin həyata keçirildiyini və Hikmət Hacıyevin bu işdə xüsusi rolunu qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ölkə başçısının yürütdüyü gənclər siyasətinin və təhsilə olan qayğısının nəticəsində bu gün Bakı Ali Neft Məktəbində müasir tədrisin komponentlərini özündə birləşdirən istər tədris metodologiyası baxımından, istər infrastruktur nöqteyi-nəzərindən çox mükəmməl bir ab-hava mövcuddur.
O, hər zaman Bakı Ali Neft Məktəbinin fəaliyyətini, əsasən də, tələbə qəbulu imtahanları zamanı yüksək bal toplayan abituriyentlərin BANM-i seçməsini xüsusi diqqətlə izlədiyini vurğulayıb. “Bu gün şahidi oldum ki, burada təhsil almaq üçün bütün mükəmməl şərait yaradılıb. Bizim təhsil aldığımız dövrlə müqayisədə sizə potensialınızı tam şəkildə ifadə etmək üçün çox gözəl mühit yaradılıb. Bakı Ali Neft Məktəbində Azərbaycanın gələcək mühəndisləri, innovativ inkişafına təkan verə biləcək gəncləri görməkdən və onlar arasında gender bərabərliyinin qorunmasından əlahiddə olaraq şadam. Biz öyrəşmişdik ki, mühəndislər arasında daha çox kişiləri görək, amma bu gün qadın mühəndislərin də olması olduqca qürurvericidir. Bildiyiniz kimi, dünya elm və innovasiyalar əsasında inkişaf edir və elmdə, innovasiyada qalib olan ölkələr digər sahələrdə də qalibiyyətlərini təmin edirlər.
Bu sahədə dünya ölkələrində kəskin və ciddi rəqabət müşahidə olunur. Artıq hər bir ölkənin potensialı tapılan neftin, daş kömürün həcmi ilə deyil, məhz insan resurslarının potensialı ilə ölçülür. Buna görə də, hesab edirəm ki, 650-700 bal toplayaraq bu məbədə qəbul olunan tələbələr ölkəmizin innovativ inkişafını təmin edənlər olacaqlar. Mən istərdim ki, sizin aranızda Azərbaycanın ilk “Nobel” mükafatı lauretçıları da olsun”, – deyə H.Hacıyev tələbələrlə tövsiyələrini də bölüşüb.
O, Böyük Zəfərin qazanılmasında Azərbaycan Respublikası Prezidentinin 17 illik hakimiyyəti dövründə yetişən, ölkə başçısından ilhamlanan gənclərin rolundan danışarkən tələbə-mühəndisləri Ermənistanın vandalizm siyasətinin fəsadlarının aradan qaldırılması üçün innovativ həllər təklif etməyə səsləyib. Tədbirin gedişatında Hikmət Hacıyevə Baki Ali Neft Məktəbinin “Fəxri qonağı” plaketi təqdim olunub. Daha sonra Prezidentin köməkçisi BANM-in təşkil etdiyi “Vətən yaxşıdır” onlayn bədii qiraət müsabiqəsinin qalibinə diplom və mükafatını təqdim edib.
Görüş müxtəlif mövzuları əhatə edən sual-cavab sessiyası ilə yekunlaşıb.