Formula 1 yarışları ilə əlaqədar təlim-məşqlərə start verilib
Sentyabrın 13-15-də Bakıda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində xüsusi komissiya yaradılıb.
“İNFONEWS” -un İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, İdarə heyəti və işçi qrupundan ibarət komissiyanın təsdiq etdiyi plana uyğun olaraq təlimlərə start verilib.
Qurumun sədr müavini, komissiyanın sədri Tahir Xəlilov təlim iştirakçılarına görülən işlər, mövcud vəziyyət, fəaliyyət planının icrası ilə bağlı ətraflı məlumat verib. Formula 1 yarışlarında tapşırıqların səmərəli və effektli icrasına nail olmaq üçün tövsiyələrini, təkliflərini bildirən sədr müavini hər bir əməkdaşı öhdəsinə düşən işi məsuliyyətlə və peşəkarcasına yerinə yetirməyə səsləyib.
Formula 1 yarışlarına məsul olan bütün əməkdaşların işlərin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu vurğulayan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədr müavini bildirib ki, təlim-məşq toplantısı yarışların keçirildiyi ərəfədə qüsursuz işləməyimizə təkan olacaq.
Sədr müavini və komissiya üzvləri Xidmətin Formula 1 yarışlarına cəlb olunacaq heyətinin hazırlıq səviyyəsi ilə yerindəcə tanış olub, geyim, texniki ləvazimatlar, mal-materiallar, avtomobillərin normativ qaydalara hansı səviyyədə cavab verdiyini müəyyənləşdiriblər. Baxış zamanı sukanal işçiləri tapşırıqları bilavasitə təcrübi olaraq yerinə yetiriblər.
Təlim məşq toplantısında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Operativ idarəetmə və mərkəzi mühəndis texnoloji xidməti şöbəsinin müdiri Yaşar Bəşirov açıqlamasında təlim-məşq toplantısının əhəmiyyətindən danışaraq, Formula 1 yarışları ilə əlaqədar təlimlərin mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.