Naxçıvanda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib

Naxçıvanda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib

Sentyabrın 19-da Şərur rayonunun Oğlanqala kəndində “Səyyar Gənclər Xidməti” layihəsinin açılış tədbiri keçirilib.

“İNFONEWS” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli tədbir iştirakçılarına səlahiyyətli nümayəndə Fuad Nəcəflinin salam və xoş arzularını çatdırıb, “Səyyar Gənclər Xidməti” layihəsinin fəaliyyətinə uğurlar arzulayıb.

Samir Seyidəhmədli cari ilin fevral ayında Gənclər Fondunun Naxçıvan filialının yaradılmasını həyata keçirilən gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirib. Bildirib ki, bu, həm də Naxçıvanda yaşayan gənclərin Gənclər Fondu tərəfindən həyata keçirilən layihələrdə daha fəal iştirak etməsinə imkan verir. Səlahiyyətli nümayəndəlik institutu yaradıldıqdan sonra muxtar respublikada gənclərlə işin aparılması, onların karyera planlaması və işlə təmin olunması istiqamətində böyük addımlar atılıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci il üçün Dövlət Proqramı”nda da gənclərin intellektual və yaradıcı potensialının artırılması üçün müddəalar nəzərdə tutulub. Son 2 ildə keçirilmiş 3 əmək yarmarkası və gənclərin müxtəlif sahələr üzrə işlə təmin olunması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Səlahiyyətli nümayəndənin müavini Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dövlət Suverenliyi Gününün təsis olunduğunu diqqətə çatdırıb, gəncləri bu münasibətlə təbrik edib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov qədim Naxçıvan torpağında “Səyyar Gənclər Xidməti”nin layihəsini təşkil etməkdən məmnunluğunu ifadə edib və layihə barədə məlumat verib. Bildirib ki, layihənin başlıca məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır. Layihənin başlıca amalı gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsidir.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov və qazi Ceyhun Davudov çıxış edib, layihənin əhəmiyyətini vurğulayıblar.

Tədbir Şərur rayon gənclərinin ifasında konsert proqramı ilə davam edib.

Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli “Səyyar Gənclər Xidməti” layihəsi ilə tanış olub.

Məlumat verilib ki, “İmkanlar Sənə Doğru!” devizi ilə ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün yola çıxan “Səyyar Gənclər Xidməti” 19-25 sentyabr tarixlərində muxtar respublikanın bütün rayonlarında yüzlərlə gənci əhatə edəcək. Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində gənclərin sosial aktivliyinin artırılması, gənclər siyasəti sahəsində maarifləndirmə, dövlətçilik ənənələrinin təşviq edilməsi, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər, fərdi inkişaf və müxtəlif mövzularda təlimlər, intellektual və həvəskar idman yarışları keçiriləcək.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir