“Əminəm ki, universitetin kitabxanası tezliklə tələbələrin ən sevimli, əziz məkanına çevriləcəkdir”
Akademik kitabxanalar sırasında Qarabağ Universitetinin Kitabxanasını görmək hər birimiz üçün olduqca sevindirici və qürurvericidir. Məlumdur ki, bu gündən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. Əminəm ki, universitetin kitabxanası tezliklə tələbələrin ən sevimli, əziz məkanına çevriləcəkdir.
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova söyləyib.
“Kitabxana mütəxəssisləri kimi hər birimiz həmkarlarımızın yanında olmağa, bilik, bacarıq, təcrübəmizlə yardım göstərməyə həmişə hazırıq. Başqa cür ola da bilməz”, – deyə Arzu Məmmədova əlavə edib.
Qeyd edək ki, müasir standartlara uyğun şəkildə dizayn edilmiş Qarabağ Universitet Kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana biləcəklər.