MDU-da akademik heyətlə görüş
2021-ci ilin 15 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin professor-müəllim heyəti ilə görüşüb.
MDU-dan İnfoNews-a bildirilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə rektor 2020/2021-ci tədris ilinin payız imtahan sessiyasının müvəffəqiyyətlə başa çatması münasibətilə universitet kollektivini təbrik edib və elmi-pedaqoji fəaliyyətlərində onlara uğurlar arzulayıb.
MDU-da bütün struktur bölmələrin yaz semestrinə tam hazır vəziyyətdə olduğunu diqqətə çatdıran Ş.Bayramov tədris və təlim-tərbiyə prosesinin distant təşkili qaydalarından, elektron tədris resurslarının, xüsusilə videodərslərin təkmilləşdirilməsi, bazasının genişləndirilməsi və tələbələrə çatdırılması işlərinin davam etdirilməsindən danışıb.
Mövcud vəziyyətlə əlaqədar olaraq tələbələrə münasibətdə fərdi və həssas yanaşmanın zəruriliyindən bəhs edən rektor dərsə davamiyyət, biliyin qiymətləndirilməsi, kollokviumlar, sərbəst işlərin yazılması və digər məsələlərlə bağlı tövsiyələr və tapşırıqlar verib.
Görüşdə çıxış edən universitetin akademik heyət üzvləri pandemiya dövrünün çətinliklərinə baxmayaraq MDU-da tədrisin səmərəli təşkilindən, müəllimlərə göstərilən diqqət və qayğıdan, onların peşəkar inkişafı üçün yaradılan əlverişli şəraitdən məmnun olduqlarını bildiriblər.
Sonra, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə işin təkmilləşdirilməsi, elmi fəaliyyətin həvəsləndirilməsi və səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 16 fevral 2021-ci il tarixindən başlayacaq cari tədris ilinin yaz semestri üçün bütün hazırlıq işləri görülüb. İlkin vəziyyətin qiymətləndirilməsi, mövcud problemlərin vaxtında aşkara çıxarılması və aradan qaldırılması məqsədilə MDU-da semestr qabağı ənənəvi olaraq professor-müəllim və tələbə heyəti ilə görüşlər keçirilir.