“Bu, haqq işimizi dayandırmaq üçün bir cəhd idi”

“Bu, haqq işimizi dayandırmaq üçün bir cəhd idi”
“Münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə etmişdir, biz bunu yüksək qiymətləndiririk. Xarici İşlər Nazirliyi erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəstək olaraq bəyanat vermişdir”. 

İNFONEWS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı buna görə minnətdarlığını ifadə edib: “Həmçinin ölkənizin parlamenti, parlamentinizin bir çox üzvləri Azərbaycanla həmrəy olduqlarını ifadə etmiş və dəstəyini bildirmişdir.

Bütün bunlar Azərbaycan xalqına məlumdur və bu, Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilir. İndoneziya Birləşmiş Millətlər Təşkilatında müzakirələr zamanı müharibə gedən vaxt bizim mövqeyimizə güclü dəstək göstərən Qoşulmama Hərəkatının digər üzvləri arasında olmuşdur. Bildiyiniz kimi, Təhlükəsizlik Şurasının bəzi üzvləri yeni qətnamələrin və qərarların qəbul edilməsi prosesinə başlamaq istəyirdilər. Bu, əslində, bizim ərazilərin işğaldan azad olunması ilə bağlı haqq işimizi dayandırmaq üçün bir cəhd idi. Bu cəhdlər və düşünülmüş bu mətnlər Təhlükəsizlik Şurasının üzv ölkələri tərəfindən qəbul edilmiş qətnamələrə istinad etmirdi. Beləliklə, İndoneziya Qoşulmama Hərəkatının üzvü olan digər dost ölkələrlə birlikdə ərazi bütövlüyümüzün bərpa edilməsinin dayandırılmasına yönəlmiş bu cəhdlərin qarşısını aldı və biz bunu çox yüksək qiymətləndiririk. Biz buna görə minnətdarıq. Bu, həmrəyliyin, dəstəyin və dostluğun ifadəsidir. Beləliklə, bu, bizim əməkdaşlığın siyasi əsasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir