Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid məzunların ailələrini ziyarət ediblər
2021-ci il 15 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Vətən müharibəsində şəhid olan universitetin mingəçevirli şəhid məzunları Əzəmi Hüseynov və Kənan Abdullayevin ailələrini ziyarət ediblər.
İnfoNews bildiri ki, Ailə üzvləri ilə görüşlərdə MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran “Humanitar fənlər” kafedrasının müdiri Esmira Cəfərova şəhid məzunlarımızın Vətən müharibəsi zamanı göstərdikləri şücaətlər, onların şərəfli həyat yolları və MDU-da keçirdikləri tələbəlik illəri barədə söz açıb. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan tarixinə qızıl hərflərə həkk olunacaq şanlı zəfərin qazanılmasında və tarixi ədalətin təmin edilməsində şəhidlərimizin mühüm pay sahibi olduğu qeyd olunub.
Rektorun müşaviri Ramin Məmmədov, Həmkarlar Təşkilatının sədri Ariz Abbasov və dekan müavini Nazim Niftəliyev şəhid məzunların Azərbaycanın ərazi bütövlüyünün bərpası və əzəli torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçdiklərini və şəhidlik zirvəsinə ucaldıqlarını bildiriblər. MDU-nun şəhid olmuş qəhrəman məzunları ilə qürur duyduqlarını qeyd edən əməkdaşlar layiqli və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını ifadə ediblər.
Görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, müharibə veteranlarının, əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunur.
Şəhid məzunların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün şəhidlərimizə və onların ailələrinə verilən yüksək dəyər yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə bir nümunədir.