“Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı – Lənkəranda

“Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı – Lənkəranda

Oktyabrın 17-də Lənkəran şəhərinin Q.Vəliyev adına Lənkaran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiyasiyasının (AMKA) “Qərbi Azərbaycanın şirin inciləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

“İNFONEWS” xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin keçirilməsində təşkilati dəstəyə görə Lənkəran-Astara regional mədəniyyət idarəsinə təşəkkürünü bildirən Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov layihənin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xüsusi dəstəyi ilə ərsəyə gəldiyini vurğulayıb: “Qərbi Azərbaycanın şirin inciləri” adlı bu kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir. Qərbi Azərbaycan mətbəxini biz çoxdan toplayırıq. Bu gün təqdimatını etdiyimiz “Qərbi Azərbaycanın şirin inciləri” kitabında Qərbi Azərbaycanın mətbəxi və şirniyyatlarının tarixi haqqında da məlumat verilir. Yüzdən çox şirniyyatın hazırlanma qaydaları, maraqlı şəkilləri ilə birgə bu kitabda qeyd olunub. Kitabın özünəməxsusluğu ondadır ki, ilk dəfə rəssamlarımız tərəfindən Qərbi Azərbaycan şirniyyatlarının rəsmləri çəkilib. Kitab çox gözəl tərtib olunub. Layihənin üzərində bir çox hörmətli insanlar işləyiblər. Bu gözəl kitabı ərsəyə gətirməyimizdə əsas məqsədimiz Azərbaycanımızın milli mətbəx mədəniyyətini, onun tarixini, unudulmuş kulinariya incilərini toplayaraq, gələcək nəsillərimizə və bütün dünyaya ərməğan etməkdir. Kitabı elə bu səbəbdən həm doğma dilimizdə, həmçinin ingilis dilində hazırlamışıq”.

Kitabın üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı şirniyyatların rəsmlərinin yer alındığını vurğulayan T.Əmiraslanov kitabda un və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatların ətraflı şəkildə təsvir olduğunu qeyd edib: “Kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında yazı yer alır. Son üz qabığında isə “Kəvər” adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub. Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz bir qaynaqdır”.

Daha sonra Q.Vəliyev adına Lənkaran şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Habil Əliyev, Dövlət Peşə Mərkəzinin direktoru Afər Kərimov, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona bölməsinin sədri Qafar Cəfərli, Lənkəran Dövlət Universitenin rektorunun müşaviri və kitabın rəyçisi Mikayıl Məhərrəmov, LDU-nun tədris işləri üzrə prorektoru Zaur Məmmədov, Texnologiya kafedrasının müdiri Rəşad Əliyev, Tarix kafedrası müdiri Kamal Mahmudov və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov kitabın hazırlamasında görülən işi yüksək dəyərləndirərək, Azərbaycan Milli Kulinariya Assosiasiyasına gələcək fəaliyyət planları ilə bağlı uğurlar arzulayıblar.

Tədbirdə iştirak edən digər qonaqlar da öz təbriklərini və arzularını bildiriblər.

Sonda tədbir iştirakçılarına Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən yazılaraq, “Nero” nəşriyyatında çap olunmuş “Qərbi Azərbaycanın şirin inciləri” kitabı təqdim edilib.

Qeyd edək ki, 2021-ci il Dünya Şəhərlər Günü münasibətilə UNESCO-nun Şəhərlər Platforması tərəfindən Azərbaycanın Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər sırasına daxil olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir