Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlandı
“Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb.
“İNFONEWS” -un Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) əldə etdiyi məlumatında bildirilib ki, sənədin hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksək riskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.
Hüquqi akt layihəsində dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub.
Həmçinin akt layihəsinə 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd olunub. Beynəlxalq təcrübə, o cümlədən Kodeks Alimentarius Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqı Şurasının müvafiq qərarları əsasında hazırlanan layihə dönər emalı və dövriyyəsi zamanı təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyən edir. Layihəyə görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir. Dönərin emalını və satışını həyata keçirən qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq, AQTA-nın verdiyi Qida Təhlükəsizliyi Reyestrindən Çıxarışa malik olmalıdır.
Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır. Eləcə də həmin ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə (ekspertiza aktı) müşayiət edilməlidir. İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında üç saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir.
Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub.