Görkəmli bəstəkar Cahangir Cahangirovun xatirəsi anılacaq
Oktyabrın 29-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, mərhum Xalq artisti Cahangir Cahangirovun 103 illiyinə həsr olunmuş konsert proqramı təşkil ediləcək.
“İNFONEWS” xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək musiqili axşamda bəstəkarın unudulmaz mahnıları teatrın solistlərinin ifasında təqdim olunacaq. Solistləri teatrın instrumental ansamblı müşayiət edəcək.
Xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları həmişə sevilərək dinlənilən görkəmli bəstəkar Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək, 15 ildən artıq bu kollektivlə işləyib. Onun yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. O, həmçinin Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. C.Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq onun xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə “Füzuli” kantatası C.Cahangirova böyük şöhrət gətirib. 1949-cu ildə “Arazın o tayında” vokal simfonik poemasını yaradıb və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. 1962-ci ildə Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün “Sabir” oratoriyasını yazıb. Cahangir Cahangirov “Azad” və “Xanəndənin taleyi” adlı iki operanın müəllifidir. Hər iki əsərində o, musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəylinin sənət ənənələrini davam etdirib. Bəstəkarın böyük həcmli, mürəkkəb formalı görkəmli əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və s. mahnıları dillər əzbəridir. C.Cahangirovun bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan sevilərək, xalq arasında yayılmışdır. Bu mənada “Yenilməz batalyon” filmindən “Teymurun mahnısı”nı, “Koroğlu” filmindən “Xanəndə qızın mahnısı”nı, “Dəli Kür” filmindən “Ana kür” və “Bayatılar” mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür. Cahangir Cahangirov 1992-ci il martın 25-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, saat 19:00-dan 20:30-dək davam edəcək konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.