Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2023” fərdi qrant müsabiqəsinin qalibi olmuş “Yaşıl dünya naminə simulyasiya konfransı” layihəsi uğurla reallaşdırılıb.
“Layihənin reallaşdırılmasında məqsəd gənclərin ekoloji məsuliyyət və dayanıqlı inkişaf mövzularında maarifləndirilməsi olub. “AzMUN” Proqramının təşkilati dəstəyi ilə Bakı Avrasiya Universitetində keçirilən layihə uğurla başa çatıb”.
Layihə rəhbəri, həmçinin “diplomatiya, beynəlxalq münasibətlər, hüquq, ekologiya və s. oxşar ixtisaslarda təhsil alan gənclərlə yanaşı, diplomatiyaya marağı olan bütün gənclərə layihədə iştirak etmələri üçün şərait yaradılmışdır. Bildiyimiz kimi Preizdent İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu xüsusda “Yaşıl dünya naminə simulyasiya konfransı” layihəsi Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri müəyyən edilən “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kontekstində gənclərin savadlılığını artırmağı və gənclərin mövzu üzrə innovativ yanaşmalarını irəli sürməsinə şərait yaradan platforma rolunu oynamışdır” deyib.
O, bildirib ki, konfrans Birləşmiş Millətlər Təşkilatı Modeli (MUN) formatında təşkil edilib: “İirakçılar BMT-nin 3 fərqli qurumunun simulyasiyasında iqlim dəyişikliyi, ətraf mühit, biomüxtəlifliyin qorunması kimi qlobal problemləri müzakirə etmiş və həll yolları irəli sürmüşdürlər. Gənclər simulyasiyada müxtəlif ölkələri təmsil edərək, diplomatik danışıqlar nəticəsində qətnamə layihələri hazırlamışdırlar. Konfransın açılış mərasimində layihə rəhbəri ilə yanaşı, Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Sevda Rzayeva və “AzMUN” Proqramının rəhbəri, həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Layihələrlə iş üzrə meneceri Sabir Sultanov çıxış etdilər. Çıxışçılar layihənin gənclərin ekoloji şüurunu artırmasından, onlara qlobal problemlərin həllində iştirak etmək imkanı verməsindən danışdılar”.
Layihənin sonunda bütün iştirakçılar iştirakçı sertifikatı ilə, fərqlənən nümayəndələr isə müvafiq fərqlənmə sertifikatları ilə təltif olunub.