Xalça Muzeyində yeni kolleksiyanın təqdimatı- “SEHRLİ XALÇA”

Xalça Muzeyində yeni kolleksiyanın təqdimatı- “SEHRLİ XALÇA”

Dekabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində Avstriyanın dünyada məşhur zərgərlik brendi “Freywille”nin “Sehrli xalça” adlı yeni kolleksiyasının təqdimatı keçirilib.

“İNFONEWS” xəbər verir ki, tədbirdə əvvəlcə “Sehrli xalça” kolleksiyasının yaranması haqqında məlumatları özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək milli-mədəni irsimizə xüsusi rəğbət və sevgidən yaranan “Sehrli xalça” kolleksiyası və Azərbaycan zərgərlik sənəti haqqında məlumat verib. O qeyd edib ki, bu unikal kolleksiya Milli Xalça Muzeyi ilə “Freywille” brendi arasında imzalanan Anlaşma Memorandumuna əsasən milli irsimizin dünya miqyasında tanıdılması məqsədilə hazırlanıb.

“Müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən “Sehrli xalça” kolleksiyası Qarabağın məşhur xovsuz xalçası “Vərni”nin orijinal naxışlarından ilhamlanaraq yaradılıb. Xalçanın əsas özəlliyi üzərində stilizə edilmiş həndəsi əjdaha motivlərinin olmasıdır. Bu layihə üzərində altı aya yaxın proses gedib. İnanırıq ki, kolleksiya Azərbaycanda və bütün dünya miqyasında layiqincə qiymətləndiriləcək, daha geniş kütlələr arasında xalça sənətimizin tanıdılması və bu sokral bəzək elementlərinin tərəddüdsüz milli-mədəni irsimizin bir hissəsi olduğunu bir daha təsdiq edəcək”, – deyə Ə.Məlikova əlavə edib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov diqqətə çatdırıb ki, “Freywille” brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışları və motivlərindən istifadə edib.

“Freywille” şirkətinin rəhbəri Fridrix Ville öz videomüraciətində onların Milli Xalça Muzeyində kəşf etdikləri nümunələrin zərgərlikdə növbəti sənət əsəri yaratmaq üçün möhtəşəm ilham qaynağı olduğunu söyləyib.

Şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nigar Namazova yeni kolleksiyanı sənətkarlığın, tarix və mədəniyyətin möhtəşəm harmoniyası kimi dəyərləndirib.

Bədii hissədə tanınmış tarzən, Əməkdar artist Şəhriyar İmanov və onu müşayiət edən musiqiçilər – İlqar Əliyev (klaviş) və Şükür Əliyev (ritm alətləri) Azərbaycan və Avstriyanın musiqilərindən ibarət kompozisiya təqdim ediblər.

Həmçinin “Mirvari” rəqs ansamblı Qara Qarayevin “Yeddi gözəl” baletinin sədaları altında xoreoqrafik kompozisiya nümayiş olunub.

Sonda muzeyin Ənənəvi texnologiya şöbəsində yeni toxunan “Vərni” xalça fraqmentlərinin qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi reallaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir