“Heydər Əliyev dühasının həyat və fəaliyyətini daim öyrənməliyik”- Leyla Köçərli
“İNFONEWS” təqdim edir:
“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır.”
Heydər Əlirza oğlu ƏLİYEV
12 Dekabr ümummilli liderimiz, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əlirza oğlu Əliyevin anım günüdür. 1993-2003-cü illər ərzində müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmiş, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmiş, həyatını xalqına və dövlətinə xidmətdə görən Heydər Əlirza oğlu Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətlərdəndir. Heydər Əliyev hələ 1969-cu ildə respublika rəhbərliyinə gələrkən sosial-iqtisadi böhran keçirən Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə qaldırmışdır. O, 1978-ci ildən etibarən Azərbaycan dilinin dövlət dili statusunu qazanması üçün mübarizə aparmışdır. Bu, milli kimliyin formalaşmasında və güclənməsində mühüm rol oynadı. Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Xalq ən ağır günlərini yaşadığı bir zamanda dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. 1993-cü il 3 oktyabr tarixində ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun rəhbərliyi altında, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi. 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft ehtiyatlarının işlənməsinə xarici investisiya və təcrübə cəlb edən əlamətdar saziş idi. Bu təşəbbüs nəinki iqtisadiyyatı gücləndirdi, həm də Azərbaycanı qlobal enerji bazarlarında əsas oyunçu kimi yerləşdirdi. 1994-2003-cü illərdə həyata keçirilən “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan boru kəməri”, “Böyük İpək yolu” və digər mühüm geostrateji təşəbbüslər Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və iqtisadi gücünün artmasına səbəb oldu. Ölkəmizin siyasi həyatında mühüm yer tutmuş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış görkəmli dövlət xadiminə yalnız Azərbaycanda deyil, bütün dünyada dərin hörmət və ehtiram bəslənilib.
O, 1993-cü ildən etibarən Azərbaycanın siyasi həyatında mühüm rol oynadı və müstəqil dövlətin inkişaf strategiyasını müəyyənləşdirdi. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1995-ci ildə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunması məqsədilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. 11 oktyabr 1998-ci il tarixində Heydər Əlirza oğlu Əliyevin yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçilməsi Ümummilli Liderə olan sonsuz etimadı, məhəbbəti və inamı bir daha sübut etdi. Heydər Əliyev xalqımızın və dövlətimizin gələcəyi naminə göstərdiyi misilsiz xidmətlərə görə bütün dünya azərbaycanlılarının sonsuz məhəbbətini qazanmışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində əhalinin tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. O, yaddaşlarda yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qalacaq və əbədi olaraq qəlbimizdə yaşayacaqdır.
Sevindirici haldır ki, Ulu Öndərimizin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizlər hazırda ulu öndərimizin davamçısı olan Prezidentimiz İlham Əliyevlə qürur duyur və onun ətrafında dağ kimi dayanmışıq. Ona görə yox ki, Möhtərəm Prezidentimiz İlham Əliyev dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin oğludur. Ona görə ki, bu gün Azərbaycan xalqının daha xoşbəxt və firavan yaşamasını, ölkəmizin adının ən yüksək zirvələrdə çəkilməsini təmin etmək məqsədilə Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə başlatdığı işlər sayəsində gördüyü nəhəng layihələri Prezidentimiz Cənab İlham Heydər oğlu Əliyev layiqincə davam etdirir. Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, – deyən Ulu öndərimizin ən böyük arzusunu- dövlətimizin ərazi bütövlüyünün təmini ilə bağlı 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi arzusunu 44 günlük Vətən müharibəsi nəticəsində reallığa çevirmişdi. Bir milyondan artıq qaçqın və məcburi köçkün nəhayət ki, öz ata-baba yurdlarına geri dönməyə müəssər olmuşlar.
Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. H.Ə. Əliyev yalnız bir siyasi lider deyil, eyni zamanda Azərbaycanın müasir tarixinin formalaşmasında mühüm rol oynamış dahi bir şəxsiyyətdir. Onun irsi bu gün də ölkənin inkişafında və gələcək nəsillərə örnək olmaqdadır. Hər il 12 dekabr tarixində Ulu öndərin anım gününün qeyd edilməsi təkcə onun xatirəsini ehtiramla yad etməyə deyil, həm də müdafiə etdiyi dəyərləri və ideaları möhkəmləndirməyə xidmət edir.
Fəxr hissi duyuram ki, Heydər Əlirza oğlu Əliyev kimi böyük şəxsiyyətlə görüşmək xoşbəxtliyi tələbəlik illərində mənə də qismət olub…