Metronun “Ulduz” stansiyasında sərnişin relsin üzərinə düşüb
Bakı metrosunun “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
“İNFONEWS” – un “Bakı Metropoliteni” QSC-dən əldə etdiyi məlumatında bildirilib ki, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.
Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
Qeyd edək ki, “Ulduz” stansiyasında hadisə saat 21:30 radələrində baş verib.
Sərnişinlər dərhal qatardan düşürülüb və yüksək gərginlik bərpa edildikdən sonra qatar “Nərimanov” stansiyasından elektrik deposuna yola salınıb.
Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.
İlkin tibbi yardım göstərildikdən sonra sərnişin tibb müəssisəsinə aparılıb.
Aidiyyəti üzrə müvafiq araşdırmalar davam etdirilir.
Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.