“Son illərdə peşə təhsilinə olan marağın artması sevindirici bir tendensiyadır”
Son illərdə peşə təhsilinə olan marağın artması sevindirici bir tendensiyadır. 2020-ci ildən bu yana qəbul göstəricilərində 60 faizdən çox artım müşahidə olunub. Bu, peşə təhsilinin cəmiyyətdə daha çox tanındığını və qəbul edildiyini göstərir.
“İNFONEWS” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, yeni peşə təhsili müəssisələrinin istifadəyə verilməsi və bəzi təhsil ocaqlarında ikinövbəli təhsilə keçilməsi tələbə axınının artdığını göstərir: “Bu, həm də peşə təhsili infrastrukturunun inkişafına işarədir. Peşə təhsilinin gücləndirilməsi, təhsilin iş bazarının tələblərinə uyğunlaşdırılması və dövlət-sahibkar-cəmiyyət əlaqələrinin düzgün qurulması, ölkənin davamlı inkişafı üçün əsas şərtlərdəndir. Bu istiqamətdə davamlı addımlar atılması iqtisadiyyatın dayanıqlılığı və insan kapitalının gücləndirilməsi baxımından mühüm rol oynayır”.