YUNESKO niyə susur ?
Ermənilər Şuşadan oğurladıqları xalçaların sərgisini təşkil edəcək – YUNESKO isə susur
“İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.
Azərbaycan mədəni irsini daim saxtalaşdırmağa və onu özününküləşdirməyə cəhd edən ermənilər növbəti təcavüzlərinin “məhsul”unu – 30 ilə yaxın işğal altında saxladıqları Şuşadan oğurlayaraq apardıqları xalçaları açıq şəkildə nümayiş etdirəcəklər.
Xalçalar fevralın 20-də Yerevandakı Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda nümayiş olunacaq.
Şuşa Xalça Muzeyinin eksponatları olan həmin xalçalar Şuşadan Ermənistana ötən il noyabrın 1-də aparılıb. Xalçaların ən qədiminin 350 ilə qədər yaşı var.
Azərbaycan Milli Xalça Muzeyindən Trend-ə verilən məlumata görə, sərgidə təqdim olunacaq “Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağın azərbaycanlı xalçaçıları tərəfindən toxunan milli irs nümunələridir:
“Bu sərgi ermənilərin növbəti falsifikasiyasıdır. Çox güman ki, kolleksiya 1992-ci il Şuşanın işğalından sonra ancaq canlarını götürüb qaçan azərbaycanlıların evlərində qalan xalçalardan ibarətdir. Xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixi, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir. Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir”.
Muzey qeyd edir ki, ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan toxumunu dünyaya yaymağa nail olmuşlar. XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğunu qeyd edib:
“O, eyni zamanda ermənilərin bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır. XIX əsrdə azərbaycanlıların xalça toxuculuğuna rişxəndlə yanaşan ermənilərin törəmələrinin bu gün XXI əsrdə Azərbaycan xalçalarına iddia irəli sürməsi mədəni irsimizə qarşı növbəti təcüvüzüdür”.
YUNESKO-nun mətbuat xidmətindən isə Trend-ə məsələ ilə bağlı açıqlama vermək istəmədiklərini söyləyiblər.