“Yarışmanın tərtibatında ciddi problemlər var” – Mirlazım Dadaşov

“Yarışmanın tərtibatında ciddi problemlər var” – Mirlazım Dadaşov

Çox təəssüflər olsun ki, “Avroviziya”nın vətəni İsveçrə müsabiqəni adınalayiq təşkil etmir. Düşünürəm ki, yarışmanın tərtibatında ciddi problemlər var. Bəlkə də, bu problemlər iştirakçı ölkələrin mahnı seçimlərindəki qeyri-peşəkarlıqdan irəli gəlir, çünki şounu maraqlı edən elə səhnədə ifa edilən mahnılardır axı…

Xəbər veririk ki, artıq uzun illər “Avroviziya” beynəlxalq musiqi müsabiqəsinin fanı, son illərədək “İNFONEWS” – un “SÖHBƏT AVROVİZİYADAN GEDİR”in  eksperti Mirlazım Dadaşov öz fikirlərini izləyicilərlə paylaşıb.

Mirlazım Dadaşov qeyd edib:

“Qeyri-peşəkarlıq demişkən, artıq 4 ildir ki, Azərbaycan nümayəndə heyəti qeyri-peşəkar seçimləri ilə yadda qalır. Seçilən təmsilçilərin hər biri istedadlı olsalar da, yazılmış mahnılar onların istər səsini, istərsə də xarakterini ortaya qoymaları üçün uğurlu deyil.

20 ilə yaxınlaşan Avroviziya fanlığıma əsaslanaraq deyə bilərəm ki, Avropanın zövqləri və musiqiyə baxış tərzi artıq dəyişilib. Avropa tamaşaçısı fərqli mahnı, fərqli janr və fərqli performans gözləyir. Azərbaycan isə səhnəyə maksimum gözəbatan rekvizit daşımağı, ifaçıların səslərini istədikləri formada göstərməyəcəyi performansları göstərməyi hədəfləyir. Bunlar artıq “Avroviziya” üçün qəbulolunmazdır, bizə maksimum şəkildə fərqli və Avropanın nəbizini tutan mahnılarla qatılmaq uğur gətirə bilər.

Mayın 12-də baş tutan 1-ci yarımfinalda Azərbaycanın təmsilçisinin çıxışındakı saz, qrupun solistinin dinamik hərəkət etməsi mahnını istədiyi kimi səsləndirməyə maneə olurdu. Səhnədəki rəqqaslar isə tamamilə gözyorucu və mənasız şəkildə mövcudluq effekti yaradırdı. Bir daha anlamaq lazımdır ki, səhnəni doldurmaq uğur qazanmaq üçün əsas deyil, bəzən səhnədə təkbaşına çıxış belə ölkəyə daha yaxşı nailiyyətlər, hətta qələbə də gətirə bilir.

Hər il “Avroviziya”da favorit olub, lakin finala keçməyən və ya çox uğursuz bir pillədə yarışmanı başa vuran ölkələrin şahidi oluruq. 1-ci yarımfinalda da Belçika və Kipr kimi favorit göstərilən ölkələr finalsız qaldığı halda, İslandiya və Portuqaliya kimi favorit göstərilməyən ölkələr finala vəsiqə qazanmağı bacardılar.

Daha bir əlavə qeyri-peşəkar məqam isə İctimai Televiziyanın şərhçi seçimində olub. Ağa Nadirov peşəkar aparıcı, Elnarə Xəlilova isə peşəkar musiqiçi olsa da, onların Avroviziya ilə bağlı məlumatsız olmaları, situasiyaları analiz etməkdə çətinlik çəkmələri və hətta tərcümə xətalarının baş verməsi yarışmanı Avroviziyanın rəsmi youtube kanalı üzərindən izləməyimə səbəb oldu.

Xülasə, bizi hələ qarşıda 2-ci yarımfinal və Böyük Final mərhələləri gözləyir. Azərbaycan yarışmadakı yolunu dayandırsa belə, bu müsabiqənin sadiq fanı olaraq, öz favorit ölkələrimi dəstəkləməyə davam edirəm. Şənbə günü baş tutacaq “Böyük Final”da Avstriyanın qələbə qazanacağına isə əminəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir