Şəhid ailələrindən olan abituriyentlər üçün düşərgə təşkil edilib

Şəhid ailələrindən olan abituriyentlər üçün düşərgə təşkil edilib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu və Qarabağ Universitetinin tərəfdaşlığı ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub.

“İNFONEWS” xəbər verir ki, Xankəndi şəhərində keçirilən “Zəfər Sədası” adlı intellektual yay düşərgəsi “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Bu il orta məktəbi bitirən 27 şəhid övladının iştirak etdiyi layihənin əsas məqsədi onların ali təhsil imkanları ilə tanışlığı, karyerayönümlü inkişafı və yenidən dirçələn Qarabağla əlaqələrin möhkəmləndirilməsi olub.

Düşərgənin ilk günü iştirakçılar Şuşa şəhərinə səfər ediblər. Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi kimi tarixi abidələrə baş çəkən gənclərə Azərbaycanın zəngin mədəni irsi və mübarizə tarixi barədə geniş məlumat verilib.

İştirakçılar Qarabağ Universitetini ziyarət edərək rektor Şahin Bayramovla görüşüblər. Rektor işğaldan azad edilmiş torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb. Universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə təqdimat keçirilib, abituriyentlərin sualları ətraflı cavablandırılıb.

“Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova səfərin təkcə tanıtım xarakteri daşımadığını, həm də gənclərin Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Həmin gün “Xəzər” İntellektual Gənclər Klubu tərəfindən şəhid övladları və Qarabağ Universitetinin tələbələri arasında intellektual yarış təşkil olunub. Dostluq ruhunda keçən yarışın qaliblərinə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim edilib.

Tədbirin yekununda Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova çıxış edərək düşərgə iştirakçılarını təbrik edib və bildirib ki, şirkətlər qrupu sosial və gənclər siyasətinin də fəal iştirakçısı kimi müxtəlif təhsil və inkişaf layihələrinə yaxından dəstək verir.

Düşərgə iştirakçıları üçün Veysəloğlu Şirkətlər Qrupunun “Araz” və “OBA” biznes şəbəkələrinin Xankəndidəki satış məntəqələrinə infoturlar təşkil olunub. Həmin turlar zamanı gənclər ticarət şəbəkələrinin idarəetmə modeli, iş prinsipləri, karyera imkanları və innovativ yanaşmaları ilə tanış olublar.

Qeyd edək ki, düşərgə proqramının yekununda Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin təqdim etdiyi musiqili konsert proqramı tədbir iştirakçılarında xoş təəssüratlar oyadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir