UNEC 24/7 Kitabxanasından peşəkar kitabxanaçılar üçün SEMİNAR
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş və Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubiley tədbirləri çərçivəsində (“UNEC-95”) UNEC Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 Kitabxanasının təşkilatçılığı və “CodeArt Training Center”in dəstəyi ilə “Akademik kitabxanalarda kitabxanaçı hüquqları – BİZ HÜQUQLARIMIZI BİLİRİKMİ?” mövzusunda peşəkar kitabxanaçılar üçün seminar və “XOŞBƏXT OLMAQ KİMİN HAQQIDIR?” mövzusunda təlim keçirilib.
“İNFONEWS” – a KİM- in 24/7 Kitabxanasından verilən məlumatında bildirilib ki, Qusarın istirahət mərkəzlərindən birində baş tutan tədbirə KİM kollektivi ilə yanaşı Azərbaycanın aparıcı akademik kitabxana rəhbərləri, əməkdaşları qatılıblar.
UNEC KİM 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubiley tədbirləri (“UNEC–95”) çərçivəsində keçirilən bu seminar və təlimin kitabxana sahəsində çalışan peşəkarların hüquqi maariflənməsini artırmaq, onların hüquq və vəzifələri barədə biliklərini genişləndirmək, eyni zamanda şəxsi inkişaf və sosial rifah mövzularında düşüncə mübadiləsini təşviq etmək məqsədi daşıdığını vurğulayıb.
Arzu Məmmədova tədbirin “Akademik kitabxanalarda kitabxanaçı hüquqları – BİZ HÜQUQLARIMIZI BİLİRİKMİ?” adlı seminar hissəsində kitabxanaçıların peşə hüquqları, əmək mühiti və hüquqi müdafiə mexanizmləri haqqında təqdimatla çıxış edib.Tədbirin təlim bölməsində isə ICF akkreditasiyalı kouç, şəxsi inkişaf üzrə peşəkar mütəxəssis, “CodeArt Training Center” təlimçisi Nərmin Həsənli “XOŞBƏXT OLMAQ KİMİN HAQQIDIR?” mövzusunda maraqlı təqdimat nümayiş etdirərək, hər bir insanın özünə verdiyi bu mühüm sual ətrafında fərdi xoşbəxtlik, emosional rifah və psixoloji sağlamlıqla bağlı interaktiv müzakirə keçirib.
Kitabxanaçıların həm peşəkar, həm də fərdi inkişafına töhfə verməyi, onların hüquq biliklərini artıraraq daha güclü və məlumatlı kitabxana ictimaiyyəti formalaşdırmağı hədəfləyən tədbir ADA Universiteti Elmi Kitabxanasının direktoru tex.f.d. Elçin Məmmədov, AMEA MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tar.f.d. Oruc Quliyev, FHN Akademiyanın Ümumi Kitabxanasının rəisi Şəlalə Həziyeva, UNEC KİM Əsaslı Kitabxanasının müdiri Nəzifə Bəxtiyarova və iştirakçıların maraqlı fikir mübadiləsi və praktiki sual-cavab sessiyaları ilə tədbirin interaktivliyinə töhfə veriblər.
Sonda tədbirin ərsəyə gəlməsində dəstəyini əsirgəməyən həmkarlara, könüllülərə, fəal iştirakçılara təşəkkürnamə və sertifikatlar təqdim edilib.











