Azərbaycan – Misir mədəni əlaqələrinin simvolu – Adam Havvas

Azərbaycan – Misir mədəni əlaqələrinin simvolu – Adam Havvas

2 yaşlı Adam Havvas artıq Azərbaycan və Misir arasında mədəni körpü rolunu oynayan dostluq simvoluna çevrilib. İyulun 19-da Misirin paytaxtı Qahirədə yerləşən “Egypt Public Library”də təşkil olunan “Kemet” adlı beynəlxalq rəsm sərgisində Azərbaycanı təmsil edən Adam Havvas, sərgidəki çıxışı ilə geniş maraq və diqqət qazanıb.

“İNFONEWS” -a verilən məlumata görə, sərgi çərçivəsində balaca rəssam tərəfindən təqdim olunan iki əl işi – biri Azərbaycan, digəri isə Misir bayrağını təsvir edən rəsmlər – yalnız estetik baxımdan deyil, eyni zamanda iki dost ölkə arasında olan mehriban münasibətləri və qarşılıqlı hörmət dəyərlərini simvolizə etməsi ilə seçilib. Adamın əsərləri sərginin münsiflər heyəti, yerli media nümayəndələri və iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Hazırda Adam Havvas Misirdə fəaliyyət göstərən “KHARIBULBUL” Azərbaycan Mədəniyyət Mərkəzinin və “Azərbaycanı Kəşf Et” adlı layihənin fəal üzvüdür. Balaca Adam Azərbaycan mədəniyyətinin və tarixinin təbliğinə yönəlmiş müxtəlif tədbirlərdə mütəmadi və fəal şəkildə iştirak edir.

Qeyd edək ki, Adam Havvasın Azərbaycan diaspor fəaliyyətində ilk addımı 10 may 2023-cü ildə – Ümummilli Lider Heydər Əliyevin doğum günündə atılıb. Həmin gün Misirin Qalubeyya vilayətinin Qanater əl-Xeyriyyə şəhərində yerləşən Azərbaycan-Misir Dostluq Parkında keçirilmiş anım mərasimində cəmi 5 aylıq olan Adam Misir mediasının diqqətini çəkib. O, həmin vaxt “Azərbaycan və Misir arasında ən gənc diplomat” kimi təqdim olunub, daha sonra 2 yaşında Misirin Dövlət Nil Telekanalında çıxış edərək “Mr NilKaspi” adına layiq görülüb.

Balaca yaşına rəğmən, Adam Havvasın fəaliyyəti göstərir ki, mədəniyyət diplomatiyası yaşla məhdudlaşmır. O, həm rəssamlıq bacarıqları, həm də ictimai fəallığı ilə Azərbaycanla Misir arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir.

Adam Havvasın diaspor sahəsindəki uğurlu fəaliyyəti təkcə fərdi nailiyyət kimi deyil, eyni zamanda Azərbaycan diasporunun Misirdəki fəallığının və yeni nəslin vətənpərvərlik ruhunda formalaşmasının əyani göstəricisidir. Bu günə qədər Adam 23 fəxri şəhadətnamə və 2 medalla təltif edilib ki, bu da, onun gənc yaşına baxmayaraq göstərdiyi yüksək səviyyəli fəaliyyətin təsdiqidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir