Odlar Yurdu Universitetində “Karyera Həftəsi” uğurla yekunlaşıb
Odlar Yurdu Universitetinin 30 illik yubileyinə həsr olunmuş “Karyera həftəsi” layihəsi çərçivəsində gənclərin peşəkar inkişafına mühüm töhfə verən tədbirlər silsiləsi uğurla başa çatıb.
“İNFONEWS” – a universitetdən verilən məlumatında bildirilir ki, layihənin sonuncu tədbiri və rəsmi bağlanışı Strateji İnkişaf və Karyera Departamenti, Tələbə Elmi Cəmiyyəti və Shane Academy-nin birgə təşkilatçılığı ilə “Əmək Bazarında Uğura Aparan Yol” mövzusunda keçirilmiş karyera təlimi olub.
Tədbirə Odlar Yurdu Universitetinin Strateji İnkişaf və beynəlxalq əlaqələr üzrə prorektoru, i.e.d., professor Elşad Məmmədovun açılış nitqi ilə start verib. Prorektor öz çıxışında əmək bazarının sürətlə dəyişən tələblərindən, qlobal trendlərdən və gənclərin karyera planlamasında strateji yanaşmanın əhəmiyyətindən bəhs edib, tələbələrə motivasiyaedici mesajlar çatdırıb.
Təlim çərçivəsində müxtəlif sahələr üzrə tanınmış mütəxəssislər, o cümlədən, iqtisad elmləri namizədi və sahibkar Sakit Səmədov, “Harvard” məzunu və beynəlxalq səviyyədə tanınmış mütəxəssis Jalə Bəhrəmova, “Doydum Catering” şirkətinin qurucusu Ceyhun Xəlilov, “Apply-Uni” və “Qolatofficial” platformalarının təsisçisi Səid Bağırov, həmçinin, “Kartpak” şirkətlərinin təsisçisi Vüqar Cabbarov çıxış ediblər. Spikerlər müasir əmək bazarının tələbləri, karyera planlaması, şəxsi brendin formalaşdırılması, sahibkarlıq bacarıqları, xaricdə təhsil imkanları və peşəkar şəbəkələşmə kimi aktual mövzular üzrə gənclərə real təcrübələrdən irəli gələn dəyərli məsləhətlər və tövsiyələr təqdim ediblər.
Sonda “Karyera həftəsi”nin bağlanışı elan edilərək, keçirilmiş bütün təlimlərin Odlar Yurdu Universitetinin tələbələrinin gələcək karyera inkişafına verdiyi töhfələr xüsusilə vurğulanıb. Eyni zamanda, bu uğurlu layihənin Odlar Yurdu Universiteti tərəfindən növbəti illərdə daha geniş miqyasda davam etdiriləcəyi qeyd edilib. Universitetin 30 illik yubileyinə həsr olunan bu silsilə tədbirlər Odlar Yurdu Universitetinin gənclərin inkişafına yönəlmiş strateji missiyanı uğurla həyata keçirdiyinin göstəricisidir.








